MƏDƏNİYYƏT
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi ilə Sırdərya vilayətindəki diaspor təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 16 iyun, AZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Sırdərya vilayəti üzrə Azərbaycan diaspor təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Əzizağa Bayramov arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə milli mədəniyyətimizin Özbəkistanda tanıdılması, Sırdərya vilayəti üzrə yerli diaspor təşkilatının fəaliyyəti, əməkdaşlıq məsələləri, habelə gələcək planlar barədə müzakirələr aparılıb.
Samir Abbasov əvvəlcə Özbəkistanla mədəni sahədə əməkdaşlığın inkişafı, görülən işlər, keçirilən mədəniyyət günləri haqqında məlumat verərək, Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 2019-cu ildə Sırdərya vilayətinin Gülistan şəhərində keçirilən Azərbaycan mədəniyyət günləri barədə danışıb. O, soydaşlarımızın qardaş Özbəkistanın tərəqqisi üçün çalışmaqla yanaşı, iki dövlət arasında əlaqələrin gücləndirilməsində fəallıq göstərmələrinin vacibliyini qeyd edib. Həmçinin Azərbaycan və Özbəkistan dövlətlərinin ölkədə yaşayan azsaylı xalqlar üçün bütün şərait yaratdıqlarını, onların öz mədəniyyətlərini inkişaf etdirdiyini söyləyib.
Əzizağa Bayramov Özbəkistanda iki ölkə arasında mədəniyyət sahəsində böyük layihələr reallaşdıran, tədbirlər keçirən Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıqda maraqlı olduqlarını, milli mədəniyyətimizin professional və sistemli səviyyədə tanıdılması, təbliği üçün Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib. O, Sırdərya vilayətində 3 mindən artıq azərbaycanlı soydaşımızın yaşadığını, Özbəkistan dövlətinin onların öz mədəniyyətlərini saxlamaq və inkişaf etdirmək üçün bütün şəraiti yaratdığını qeyd edib.
Diaspor rəhbəri Sırdərya şəhərində inşası yekunlaşan Mədəniyyət Mərkəzləri binasında onların fəaliyyət göstərmələri üçün şərait yaradılacağını qeyd edərək, milli mədəniyyətimizin təbliği məqsədi ilə əyani vasitələrə ciddi ehtiyac olduğunu bildirib. O, Azərbaycanla Özbəkistan arasında dostluğun və əməkdaşlığın gündən-günə inkişafından məmnunluğunu ifadə edib.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Sırdərya vilayəti üzrə Azərbaycan diaspor təşkilatına ölkəmizə dair kitab kolleksiyası hədiyyə edib. Kolleksiyaya Mədəniyyət Mərkəzinin “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi ilə çap olunan kitablar, Azərbaycan tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatına dair çoxsaylı nəşrlər daxildir. Hədiyyə kitablar arasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı nəşrlər, habelə Heydər Əliyev Fondunun layihəsi çərçivəsində ölkəmizə dair çap olunan vəsaitlər yer alıb.
Samir Abbasov gələcəkdə Sırdərya vilayətində Azərbaycan mədəniyyət günlərinin keçirilməsinə, vilayət təşkilatına Azərbaycana dair əyani vəsaitlər və nəşrlərin göndərilməsinə dəstək olacağını bildirib.