MƏDƏNİYYƏT
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində xeyriyyə tədbiri keçirilib VİDEO
Bakı, 4 oktyabr, AZƏRTAC
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyi günlərinə həsr olunmuş xeyriyyə tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Daşkənddəki 106, 22 və 102 nömrəli internat məktəblərinin, Çirçik şəhərindəki 14 saylı uşaq evinin 200-dən çox şagirdi və müəllimləri iştirak edib.
Əvvəlcə uşaqlar Mədəniyyət Mərkəzinin Azərbaycan Dövlətçilik Tarixi Muzeyi və Heydər Əliyev Muzeyi ilə tanış olub, eləcə də onlara Azərbaycan tarixi, həmçinin mədəniyyətinə dair geniş məlumat verilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxana və muzeylər üzrə mütəxəssisi Kifayət Pirməmmədova Azərbaycan-Özbəkistan dostluğu, Azərbaycanın dövlətçilik tarixi, tarixdə mövcud olmuş Azərbaycan dövlətləri, tarixi şəxsiyyətləri, ölkəmizin adət və ənənələri haqqında danışıb, eyni zamanda, uşaq və yeniyetmələri müxtəlif guşə və eksponatlarla tanış edib.
Mərasimdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev Azərbaycan-Özbəkistan dostluğundan danışıb və bu dostluğun möhkəmlənməsində, xalqlarımız arasında əlaqələrin inkişafında uşaqların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, gələcəyimiz olan uşaqlara dövlətlərimizin göstərdiyi qayğı haqqında danışaraq, onları həyata keçirilən işlər və layihələr barədə məlumatlandırıb. N.Əlimirzəyev Azərbaycanın mədəniyyət beşiyi olan qədim Şuşa şəhəri, Qarabağ və Şərqi Zəngəzur regionunun erməni işğalından azad olunduqdan sonra geniş quruculuq və yenidənqurma işlərinə başlandığını vurğulayıb. O, bu il Prezident İlham Əliyev tərəfindən ölkədə “Şuşa İli” elan edildiyini qeyd edib və Şuşa şəhərinin mədəniyyətimizə verdiyi töhfələr haqqında danışıb.
Sonra uşaqlara “Qarabağ atı” animasiya filmi özbək dilində təqdim olunub.
Qeyd edək ki, “Qarabağ atı” animasiya filmi 2020-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilinə dublyaj edilib. Sözügedən animasiya filmi Azərbaycanın "Virtual Qarabağ” İKT Mərkəzi tərəfindən hazırlanıb. “Qarabağ atı” animasiya filmi gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə töhfə verməklə yanaşı, onların Azərbaycanın Qarabağ bölgəsi haqqında biliklərini artırmaq məqsədini daşıyır.
Tədbirin sonunda Azərbaycan Mədəniyyət Mərkəzi adından uşaqlar və müəllimlər Azərbaycan və Özbəkistan milli təamlarına qonaq ediliblər.