MƏDƏNİYYƏT
Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin fəaliyyətinə həsr olunan brifinq keçirilib
Daşkənd, 26 iyul, AZƏRTAC
Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) sədri Firdovsi Hüseynov bu ölkənin İnformasiya və Kütləvi Kommunikasiya Agentliyində təşkilatın fəaliyyətinə həsr olunan brifinq keçirib.
AZƏRTAC xəbər verir ki, F.Hüseynov brifinqdə mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə RAMMM-dən başqa Səmərqənd, Buxara, Nəvai və Daşkənd vilayətlərində də Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. “Regionlardakı Azərbaycan mədəniyyət mərkəzləri ilə də müntəzəm olaraq əlaqə saxlayırıq. Ölkədə Özbəkistan vətəndaşı olan 40 min 847 azərbaycanlı yaşayır. Onlar müxtəlif sahələrdə çalışır və ölkənin dirçəldilməsinə öz töhfələrini verirlər. Son illərdə 40-dan çox soydaşımıza Özbəkistanın yüksək dövlət mükafatları verilib”, - deyə F.Hüseynov bildirib.
Mərkəzin sədri deyib ki, zaman-zaman Özbəkistanda tanınmış azərbaycanlılar yaşayıb. Dörd əsr bundan əvvəl Buxarada yaşayan Yusif Qarabaği, özbək ədəbiyyatının klassikinə çevrilən tanınmış şair və dramaturq Maqsud Şeyxzadə, Səmərqənddə yaşayan soydaşımız, görkəmli pedaqoq, ədəbiyyatşünas, ictimai xadim və tərcüməçi Seyid Rza Əlizadə, şair İxtiyar Rza, rəssam Yusif Hüseynov və bir çox başqalarının adlarını çəkmək olar.
Sonra F.Hüseynov Mərkəzin təşəbbüsü ilə keçirilən tədbirlər haqqında söhbət açıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd