MƏDƏNİYYƏT


Özbəkistanın “Dunyo boylab” televiziyasında Azərbaycanla bağlı geniş veriliş yayımlanıb

Daşkənd, 21 yanvar, AZƏRTAC

Özbəkistanın “Dunyo boylab” televiziya kanalında Azərbaycana dair özbək dilində yarım saatlıq veriliş yayımlanıb.

AZƏRTAC xəbər verir ki, veriliş ötən il Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycana reallaşan mediatur zamanı lentə alınıb.

Verilişin müəllifi jurnalist Gülsarə Saqatxanova əvvəl Azərbaycan haqqında geniş məlumat verir, ölkəmizin Qafqazın parlayan ulduzuna, abad və sabit inkişaf edən ölkəyə çevrildiyini qeyd edir. Proqramda gözəlliyi və cazibədarlığı ilə insanı özünə çəkən Bakı şəhəri, onun tarixi, görməli yerləri haqqında söhbət açılır. Müəllif Şəhidlər xiyabanı, “Əbədi alov” abidəsi, paytaxtın dənizkənarı parkdan görünüşünü nümayiş etdirir, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən “İçərişəhər”, Qız qalası və başqa memarlıq abidələri haqqında məlumat verir.

Aparıcı xalqımızın zəngin mədəniyyəti, tarixi haqqında danışır, Azərbaycan xalçalarına xüsusi yer ayırır, Xalça muzeyində ölkəmizin regionlarına xas olan xalçaları nümayiş etdirir, onların fərqli xüsusiyyətlərini izah edir.

Azərbaycan Dövlət Tarix Muzeyində olan jurnalist muzeyin tarixi haqqında da məlumat verir. Burada 300-ə yaxın eksponatın saxlanıldığını diqqətə çatdırır.

Bakı şəhərində “Venesiya şəhərciyi”ni xüsusi maraqla təqdim edən kanal XX əsrin 50-ci illərində yaradılan bu ecazkar məkanın şəhərin istirahət marşrutları içərisində turistlər üçün daha çox cəlbedici olduğunu qeyd edir.

Müəllif Azərbaycanın regionları, habelə gözəl təbiəti, füsunkar iqlimi ilə turizm mərkəzinə çevrilən İsmayıllı rayonuna səfərdən də söhbət açır. İsmayıllı rayonundakı sənətkarlar mərkəzi olan Lahıc qəsəbəsinə səyahəti geniş işıqlandıran müəllif qeyd edir ki, azərbaycanlılar Lahıcı məmləkətin misgərlik səltənəti adlandırırlar.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.