MƏDƏNİYYƏT
Özbəkistanın “Kitob dunyasi” qəzetində Xalq yazıçısı Anarla müsahibə dərc edilib
Daşkənd, 23 oktyabr, АZƏRTAC
Daşkənddə özbək dilində çap olunan “Kitob dunyasi” qəzetində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla müsahibə dərc olunub.
AZƏRTAC xəbər verir ki, müsahibədə ölkələrimiz arasında əlaqələrdən, özbək yazıçılarının müntəzəm olaraq Azərbaycan yazıçıları ilə görüşlərindən söz açılıb.
Yazıda bildirilir ki, Azərbaycan yazıçıları arasında Anar Özbəkistanda daha çox tanınır. Müntəzəm olaraq onun kitabları çap olunur. Mukimi adına teatrda yazıçının əsərləri əsasında pyes, Özbəkistan televiziyasında “Dantenin yubileyi” əsəri əsasında televiziya tamaşası, “Mən, sən, o və telefon” hekayəsi əsasında radiotamaşa hazırlanıb.
Müsahibədə Xalq yazıçısı Azərbaycan-Özbəkistan ədəbi əlaqələri, iş üslubu, özbək yazarları ilə dostluğu, son vaxtlarda yazdığı əsərlər və digər məsələlərlə əlaqədar müxtəlif suallara cavab verir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd