CƏMİYYƏT
Özbəkistanın Kokand şəhərinin Azərbaycanın bölgələrindən biri ilə qardaşlaşması təklifi irəli sürülüb
Bakı, 9 oktyabr, AZƏRTAC
Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Kokand şəhərinə səfəri çərçivəsində buranın rəhbəri - hakim Marufjan Usmanov ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycan-Özbəkistan dostluğundan söz açıb, iki ölkə arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsi, Kokandla Azərbaycanın şəhərlərindən birinin qardaşlaşması təklifini irəli sürüb. O, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb, beynəlxalq təşkilatlarda bu məsələdə Özbəkistanın Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb, bu mövqeyə görə qardaş dövlətin rəhbərliyinə minnətdarlıq edib.
Görüşün sonunda Marufjan Usmanov Qənirə Paşayevaya Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı istiqamətində gördüyü işlərə görə təşəkkürnamə təqdim edib.
Q.Paşayeva Özbəkistan Yazıçılar Birliyinin Kokand filialının rəhbərliyi, şəhərin fəal qadınları, elm və ədəbiyyat xadimləri, gəncləri ilə də görüşüb.