Özbəkistanın MY5 telekanalında Azərbaycanda turizm potensialı ilə bağlı veriliş nümayiş etdirilib
AzerTAg.az
Daşkənd, 8 may, АZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənddəki MY5 telekanalında Azərbaycanda turizm potensialı ilə bağlı veriliş nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, jurnalist Manuçehr Qalandarzadə tərəfindən hazırlanan proqramda İçərişəhərin, o cümlədən Qız qalasının, Şirvanşahlar saray kompleksi və Şirvanşahlar sülaləsinin, 1078-1079-cu illərdə inşa olunan Məhəmməd Məscidinin, 15-ci əsrdə tikilən Buxara Karvansarasının, 15-ci əsrə aid Mirzə Əhməd Məscidinin tarixi haqqında məlumat verilir.
Bildirilir ki, Bakıdakı ən qədim binalar İçərişəhərdə yerləşir. Əslində İçərişəhər şəhər içində şəhərdir. İçərişəhərin ərazisi 22 hektardır. İçərişəhər Xivədəki İçan Kalanın oxşarıdır. Tarixi abidələrlə zəngin olan İşərişəhərdə də, İçan Kalada da yaşayış var. 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olub.
Verilişdə qeyd olunur ki, İçərişəhərin altı qapısı var. 1977-ci ildə bura tarix-memarlıq qoruğu elan olunub, 2000-ci ildə isə Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd




Xəbərin mətnində orfoqrafik səhv var