MƏDƏNİYYƏT
Özbəkistanın Nukus Dövlət Pedaqoji İnstitutunda “Azərbaycan ocağı” yaradılacaq
Daşkənd, 24 yanvar, АZƏRTAC
Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasının Nukus Dövlət Pedaqoji İnstitutunda (NDPİ) “Azərbaycan ocağı” yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov və NDPİ-nin rektoru, professor Bayrambay Otamuratov arasında razılıq əldə edilib.
Görüşdə bu ali məktəblə ikitərəfli əlaqələrin yaradılması, ölkəmizin ali məktəbləri ilə elmi mübadilənin həyata keçirilməsi, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, tarixinin təbliği və Azərbaycanla Özbəkistan arasında dostluq əlaqələrinin daha da dərinləşdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Bayrambay Otamuratov ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb, institutda yaradılacaq “Azərbaycan ocağı” üçün müvafiq salon ayrılması, habelə mərkəzin müvafiq inventar və avadanlıqla təmin edilməsi və digər məsələlər haqqında söhbət açıb.
Samir Abbasov Özbəkistanla Azərbaycan arasında yüksək səviyyəli münasibətlər, son illər mədəniyyət sahəsində həyata keçirilən layihələrdən danışıb, “Azərbaycan ocağı” üçün müvafiq nəşrlərin, milli mədəniyyətimizə dair suvenirlərin, milli geyimlərin, foto və rəsmlərin, bədii və sənədli filmlərin, musiqi diskləri, not əsərlərinin Mədəniyyət Mərkəzi tərəfindən təmin ediləcəyini bildirib. O, yaradılacaq “Azərbaycan ocağı”da alimlərin iştirakı ilə bir sıra elmi tədbirlərin, açıq dərslərin həmçinin müxtəlif sərgilərin keçirilməsini təklif edib.
Tərəflər bu ilin sentyabr-oktyabr ayında Nukus şəhərində “Azərbaycan mədəniyyət və ədəbiyyat günləri”nin keçirilməsi, bu tədbirlər çərçivəsində NDPİ-də iki ölkə arasında mədəni-ədəbi əlaqələrə dair elmi konfransın təşkili, “Azərbaycan ocağı”nın rəsmi açılışı, şəhərin mərkəzi parklarında Azərbaycan mədəniyyəti, musiqisi, rəqslərindən ibarət konsert proqramı və sərginin təşkili və s. tədbirlərin həyata keçirilməsi ilə bağlı razılıq əldə edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd