SİYASƏT
Özbəkistanın “Sevimli” televiziya kanalında Heydər Əliyev Mərkəzi haqqında veriliş yayımlanıb VİDEO
Daşkənd, 5 aprel, АZƏRTAC
Özbəkistanın “Sevimli” televiziya kanalının “Zamon” proqramında Heydər Əliyev Mərkəzi haqqında veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin Azərbaycana mediaturu olub və videomaterial da bu səfər çərçivəsində hazırlanıb.
Proqramın müxbiri Dilnoza Saidova Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumat verir. Bildirilir ki, Bakının simvollarından biri olan bu gözəl binanın layihəsini 2007-ci ildə məşhur memar, mərhum Zaha Hadid hazırlayıb.
Dünyanın nadir memarlıq abidələrindən biri sayılan bu binanın 2012-ci ildə təntənəli açılış mərasimi olub. Binada Heydər Əliyev muzeyi, sərgi salonları, beynəlxalq dialoq mərkəzi, iri konqres salonu var.
“Azərbaycan inciləri” sərgi salonunda ölkənin tarixini və mədəniyyətini əks etdirən müxtəlif eksponatlar nümayiş etdirilir. Burada Azərbaycan xalq çalğı alətləri ekspozisiyası diqqəti cəlb edir. “Mini Azərbaycan” sərgi salonunda 45 tarixi və memarlıq binasının maketləri var.
Birinci mərtəbədə böyük siyasi xadim Heydər Əliyevin vaxtilə istifadə etdiyi xidməti avtomobillər nümayiş etdirilir.
Mərkəzdəki retro avtomobillər də buraya gələnlərin diqqətini cəlb edir. Burada Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və digər ölkələrdə istehsal olunmuş klassik avtomobilləri görmək mümkündür.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd