MƏDƏNİYYƏT


Özbəkistanın “Turan” kitabxanası ilə Azərbaycanın Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi arasında əməkdaşlığa dair memorandum imzalanıb VİDEO

Daşkənd, 6 dekabr, АZƏRTAC

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında Daşkənddəki “Turan” kitabxanası ilə Azərbaycanın Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar kitabxanada mərasim təşkil olunub. Layihəyə Azərbaycan və Özbəkistanın mədəniyyət nazirlikləri müvafiq dəstək göstərib.

İştirakçılar əvvəl Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Turan” kitabxanasında yaradılan Qarabağ guşəsinə baxış keçirib, Azərbaycan mədəniyyətinə dair hədiyyələr ediblər.

Kitabxananın direktoru Dildora Abduazizova mərasimdə Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini, AMM ilə əməkdaşlıq nəticəsində birgə layihələrin həyata keçirildiyini qeyd edib. O, Şuşa şəhərinin qədim tarixi, Azərbaycan mədəniyyətinin beşiyi kimi zəngin ənənələrə malik olduğunu və Şuşanın mərkəzi kitabxanası ilə əməkdaşlığın onlar üçün əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Maarifli iki ölkə arasında mədəni əlaqələrin inkişafı, Türk dünyası arasında əməkdaşlığın genişləndirilməsi haqqında danışıb, elm, mədəniyyət, təhsil ocağı olan kitabxanalarımız arasında belə sənədlərin imzalanmasının xüsusi əhəmiyyətini qeyd edib.

AMM-nin direktoru Samir Abbasov dövlətlərimiz arasında dostluq və əməkdaşlıqdan danışıb, Şuşanın Prezident İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin paytaxtı elan olunduğunu, 30 ilə yaxın Ermənistan tərəfdən işğal olunan torpaqlarımızın və Şuşa şəhərinin işğaldan azad olunmasını tarixi hadisə adlandırıb, imzalanan Memorandumun əməkdaşlıqda yeni imkanlar açacağını qeyd edib.

Özbəkistan Ali Məclisinin deputatı Gulbahar Saidqaniyeya, Özbəkistan Yazıçılar İttifaqının katibi Qayrat Məcid Azərbaycanı bir daha Vətən torpaqlarının işğaldan azad olunması və Qələbə münasibətilə təbrik edərək, tarixi dostluğumuz, iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluqlarını bildiriblər.

Sonra Özbəkistanın “Turan” kitabxanası ilə Şuşa rayon MKS arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu Özbəkistan tərəfdən kitabxananın direktoru Dildora Abduazizova, Şuşa rayon MKS-i adından Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Maarifli imzalayıb.

Memorandumda kitabxanalar arasında münasibətlərin genişləndirilməsi, elm, təhsil və ədəbiyyat sahəsində maraq doğuran informasiyaların mübadiləsi, hər iki ölkənin tanınmış tarixi şəxsiyyətlərinin, mədəniyyət-sənət nümayəndələrinin qarşılıqlı yubileylərinin, yaradıcılıq gecələrinin təşkili, xalqların zəngin tarixi, mədəniyyəti, adət və ənənələri mövzusunda beynəlxalq tədbirlərin, konfransların keçirilməsi, kitabxana-informasiya sahəsinin aktual problemləri, kitabxanaların avtomatlaşdırılması məsələləri ilə əlaqədar təcrübə mübadiləsi və əməkdaşlığın həyata keçirilməsi, virtual sərgilərin təşkili, birgə konfrans, seminar, təqdimat, sərgi və müzakirələrin reallaşdırılması və s. istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.

Mərasimin sonunda Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Qızıl körpü” adlı sənədli film nümayiş etdirilib.

Film Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanıb, orada Azərbaycan-Özbəkistan dostluğu, xalqlarımızın yaxınlığı, strateji əməkdaşlıq və bu istiqamətdə həyata keçirilən işlər öz əksini tapıb.

Mərasim Özbəkistanda keçirilən Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və sənət günləri çərçivəsində keçirilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.