YUBİLEY TƏBRİKLƏRİ


Özbəkistanın UzA Milli İnformasiya Agentliyinin baş direktoru
Abdusaid Koçimov

-Hörmətli azərbaycanlı dostlarımız, əziz həmkarlar, ilk növbədə, icazə verin, Özbəkistandakı çoxsaylı dostlarınız və həmkarlarınız adından, UzA Milli İnformasiya Agentliyi adından sizi şanlı tarix – 100 illik yubileyiniz münasibətilə təbrik edək. Yüzillik yubiley çoxlarının arzuladığı böyük və şərəfli bayramdır. Başlıcası budur ki, siz bu yaşda Müstəqil Dövlətlər Birliyinin informasiya agentliklərinin ön cərgəsindəsiniz. Bütün yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının əsas və ən etibarlı mənbəyisiniz. Bu, Azərbaycan dövlətinin və xalqının sizə göstərdiyi çox yüksək etimaddır.

Dövlət İnformasiya Agentliyi – AZƏRTAC 1920-ci il martın 1-də, baharın - təbiətin oyanışının ilk günündə yaradılıb. Bu yaxınlarda ölkənizin paytaxtında, Bakıda mühüm hadisə baş verib: Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olub.

Agentliklərimiz arasında münasibətlər də yenilənir və daha da möhkəmlənir. Məlumdur ki, özbək və Azərbaycan xalqları arasında dostluğun çox dərin kökləri var. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışında deyib: “Türk Şurasında iştirak etmək xalqımızın əsaslı maraqlarına tam cavab verir. Özbəkistanın təşkilata daxil olması isə təbii tarixi proseslərin təzahürüdür. Bu gün təkcə mədəni və mənəvi əlaqələrimiz deyil, işgüzar münasibətlərimiz də yeni səviyyəyə yüksəlib. Vizasız turist gəzintilərinin sayı artır, xalqlarımızın qardaşlıq bağları möhkəmlənir”.

Əziz həmkarlarımız, sizə qibtə etmək olar. Mən bunu tam səmimi deyirəm. Çünki sizin xarici informasiya agentliklərinin çoxu ilə möhkəm əlaqələriniz var. Siz bir sıra beynəlxalq təşkilatların üzvüsünüz. AZƏRTAC Müstəqil Dövlətlər Birliyinin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyinin (TKA), habelə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir.

Əlbəttə, bütün bunlar böyük məsuliyyət tələb edir, lakin dünyada baş verən bütün hadisələrin içində olmağa geniş imkan yaradır. Bir çox ölkələrdə - ABŞ, İngiltərə, Fransa, Almaniya, Avstriya, Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan, Özbəkistan, Rumıniya, İspaniya, İtaliya, İsveç, Çin, Yaponiyada AZƏRTAC-ın müxbir məntəqələri fəaliyyət göstərir.

Siz şanlı yol keçmisiniz, digər informasiya agentliklərini xeyli qabaqlamısınız. Biz sizin çoxillik təcrübənizdən xeyli bəhrələnə bilərik.

Əziz Aslan Əhməd oğlu, sizin qibtəediləcək taleyiniz var. Siz 40 ildən çoxdur ki, jurnalistikadasınız və artıq 18 ildir Azərbaycan Dövlət İnformasiya Agentliyinə uğurla başçılıq edirsiniz. Sizin “Heydər Əliyev və AZƏRTAC”, “AZƏRTAC-90” kitablarınız bizə yaxşı tanışdır. Biz Sizdən növbəti kitabı - Azərbaycan İnformasiya Agentliyinin 100 illiyinə həsr olunmuş “AZƏRTAC-100” kitabını gözləyirik.

Əziz dostlar, hörmətli həmkarlar, sizi, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın bütün kollektivini bir əsrlik yubiley münasibətilə Özbəkistan Milli İnformasiya Agentliyinin kollektivi adından bir daha təbrik edir, sizə möhkəm cansağlığı, çox gərgin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.