CƏMİYYƏT
Özbəkistanın fermer qadınları azərbaycanlı həmkarlarının təcrübəsindən yararlanacaqlar
Bakı, 7 dekabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə icra etdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) əməkdaşları Dünya Bankının Özbəkistanda yeni başladığı oxşar layihəyə mütəxəssis köməyi göstərə bilərlər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində yaradılmış Pilot Qadın İnkişaf qruplarının rəhbərləri Daşkənddə keçirilmiş Qadın Sahibkarlığı Həftəsində iştirak ediblər. Azərbaycanlı qadınlar yeni yaradılmış 6 qadın qrupunun təqdimatını etməklə yanaşı, Daşkənddə Dünya Bankının ofisində, bir sıra başqa beynəlxalq və yerli təşkilatlarda, nazirliklərdə görüşlər keçiriblər.
Azərbaycanın fermer qadınlarını Özbəkistanın Baş nazirinin müavini və Qadın Komitəsinin sədri xanım Tənzilə Narbayeva da qəbul edib. Tənzilə Narbayeva qadınların səlahiyyətlənməsi, onların bacarıqlarının artırılması, ictimai qərarvermədə iştirakı kimi məsələlərin ölkədə icra olunan bütün inkişaf layihələrində nəzərə alınmasını istədiyini bildirib. Qeyd edib ki, Qadın İnkişaf qrupları modeli Dünya Bankı tərəfindən ayrıca layihə kimi hazırlanacaq, pilot olaraq Jizzak və Fərqanə əyalətlərində həyata keçiriləcək. Layihənin hazırlanmasında və pilotların icrasında Azərbaycan təcrübəsindən yararlanacaq.
Qeyd edək ki, Azərbaycan Kənd İnvestisiya Layihəsi ölkədə ən geniş əhatəli və uzunmüddətli layihələrdəndir. Bütün ölkəni əhatə edən AzKİL 2005-ci ildən fəaliyyət göstərir və layihənin ikinci mərhələsi başa çatmaq üzrədir. Bu layihə çərçivəsində indiyədək kənd yerlərinin inkişafına və əhalinin məşğulluğunun artırılmasına istiqamətlənmiş 2200-dək kiçik icma əsaslı infrastruktur və gəlir gətirən layihə icra olunub.