MƏDƏNİYYƏT
“Özbəkistanın mədəni irsi-yeni Renessansın bünövrəsi” adlı beşinci konqresdə ölkəmiz də təmsil olunub
Daşkənd, 14 sentyabr, АZƏRTAC
Mədəni İrs Həftəsi çərçivəsində Daşkənddə keçirilən “Özbəkistanın mədəni irsi-yeni Renessansın bünövrəsi” adlı beşinci konqres öz işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə sosial və humanitar elmlər üzrə alimlər, filosoflar, tarixçilər, şərqşünaslar, linqvistlər, sənətşünaslar, antropoloqlar, əlyazmalar və miniatürlər üzrə mütəxəssislər iştirak edir.
Konqresin bölmələr üzrə keçirilən iclasında Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikovanın “Azərbaycan mədəni irsinin qorunması və populyarlaşdırılmasında Milli Xalça Muzeyinin təcrübəsi” mövzusundakı məruzəsi maraqla qarşılanıb.
Ş.Məlikova Azərbaycan xalçalarının qorunması, onların bərpa edilməsi sahəsində muzeyin təcrübəsi haqqında məlumat verib, xalçaların xüsusiyyətləri, forma və məzmunu barədə söhbət açıb.
Mədəni İrs Həftəsi sentyabrın 21-dək Daşkənddə, Xivədə və Nukusda davam edəcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd