MƏDƏNİYYƏT
Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin yaradıcılıq gecəsi təşkil edilib
Bakı, 12 oktyabr, AZƏRTAC
“Azərkitab” Kitab Mərkəzində Özbəkistanın tanınmış şairi, “Kitob dunyasi” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmin yaradıcılıq gecəsi və Özbəkistan sənətçilərinin “Qarabağ üçün oxu” klipinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Azərkitab” Kitab Mərkəzinin rəhbəri Sabir Həsənov çıxış edərək belə görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.
Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov klip barədə fikirlərini bölüşərək deyib: “Klipdə işğal edilmiş yerlərimiz, tarixi abidələrimiz göstərilib. Bir sıra mahnılar səsləndirilib. Klip "Qarabağ şikəstəsi" ilə bitir. Burada Cocuq Mərcanlıdan Şuşa gedən yol göstərilir”.
Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, bu cür layihələr iki ölkə arasındakı birliyin möhkəmlənməsinə xidmət edir: “Buna bir musiqi layihəsi kimi baxmaq olmaz. Klipdə Özbəkistanın tanınmış sənətçiləri, gənclər var. Onlar Qarabağ üçün oxuyurlar. Gördünüz ki, o gənclər necə ürəklə oxuyurlar. Hamımız türk dünyasında belə layihələrin həyata keçirilməsinə çalışmalıyıq”.
Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı bildirib ki, Xasiyyət xanım türk dünyasında tanınan bir imzadır. “Azərbaycanda özbək ədəbiyyatı çox yaxından öyrənilir. Xasiyyət özbək ədəbiyyatında çox önəmli simadır. O qaranlıqda işıq görən insandır. Onun şeirlərini oxuyanlar pessimist olduğunu düşünər. Amma bu belə deyil. Onun azərbaycanlı olduğunu görmək üçün rəhbəri olduğu qəzetin bir tirajını oxumaq kifayət edir”, – deyə Ə.Qoşalı bildirib.
Daha sonra klip nümayiş olunub, şairin şeiri səsləndirilib.