SİYASƏT
Özbəkistanin tnews.uz portalı Qarakənd faciəsi barədə material yayıb
Daşkənd, 21 noyabr AZƏRTAC
Özbəkistanın tnews.uz portalı 26 il əvvəl, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin üç kilometrliyində “Mİ-8” vertolyotunun vurulması haqqında rus dilində geniş material yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə vertolyotun erməni silahlı qruplaşması tərəfindən vurulduğu, sonralar onların bunu etiraf etmələri vurğulanır.
Qeyd olunub ki, vertolyotda Azərbaycanın yüksək səviyyəli tanınmış dövlət rəsmiləri, Rusiyadan və Qazaxıstandan olan müşahidəçilər, jurnalistlər olublar. Vertolyotda olan 22 nəfər, o cümlədən Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfü Hacıyev, deputatlar Vaqif Cəfərov və Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, televiziya jurnalisti Alı Mustafayev həlak olub.
Bildirilir ki, faciənin səbəbləri hələ də məlum deyil. Faciəni sifariş edənlər və icraçılar da hələ ki, cəzalarını almayıblar və onların arasında keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçov da var.
Materialda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd