İQTİSADİYYAT
Özbəkistanın uchildiz.uz portalı Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyəti haqqında material yayıb
Daşkənd, 20 sentyabr, AZƏRTAC
Daşkənddəki uchildiz.uz portalı Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyəti haqqında rus dilində material yayıb.
Yazıda bildirilir ki, bu ilin yanvar-avqust aylarında Heydər Əliyev Beynəlxalq Aaeroportu 2,7 milyon sərnişinə xidmət edib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz çoxdur. Bu ilin sonunadək isə 3,5 milyon sərnişinə xidmət edəcəyi gözlənilir, bu isə rekord göstəricidir.
Qeyd olunur ki, Bakıdan ən çox sərnişin axını Moskva, İstanbul, Dubay, Kiyev və Tehran şəhərlərinə olub, ilin əvvəlindən bu istiqamətlərdə 1,34 milyon sərnişin daşınıb.
Bakı aeroportu dünyanın 29 aviasiya şirkətinə 53 istiqamət üzrə xidmət göstərir.
Yazıda bildirilir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu gözəlliyi, dizaynı, xidmətin səviyyəsinə görə beynəlxalq standartlara cavab verir və coğrafi mövqeyinə görə regionda Şərqlə Qərb, Şimalla Cənub arasında körpü rolunu oynayır.
Materialda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi haqqında da danışılır, vurğulanır ki, bu dəhliz Özbəkistan üçün də böyük əhəmiyyət daşıyır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd