DÜNYA
Özbəkistanla Cənubi Koreya arasında 12 milyard dollar həcmində sənədlər imzalanıb
Daşkənd, 19 aprel, АZƏRTAC
Koreya Respublikasının Prezidenti Mun Ce-in Özbəkistanda rəsmi səfərdədir.
AZƏRTAC xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Mun Ce-inlə görüşündən sonra dövlətlər arasında xüsusi strateji tərəfdaşlıq haqqında birgə bəyanat qəbul edilib.
Hökumətlər arasında investisiyalara dəstək və onun qarşılıqlı qorunması, kosmik tədqiqatlardan dinc məqsədlərlə istifadə, elm, texnologiya və investisiya sahəsində əməkdaşlıq, səhiyyə sahəsində Özbəkistan-Koreya Əməkdaşlıq Mərkəzinin yaradılması ilə bağlı sənədlər imzalanıb.
Görüşdə Aral dənizində ekoloji fəlakətin minimuma endirilməsi, Əfqanıstanda sülhün və sabitliyin bərpası istiqamətində də geniş fikir mübadiləsi aparılıb.
Şavkat Mirziyoyev deyib ki, Özbəkistanla Cənubi Koreya arasında siyasi, ticarət-iqtisadi, sərmayə qoyuluşu, mədəni-humanitar və başqa sahələrdə əməkdaşlıq etmək xalqlarımızın maraqlarına uyğundur və bu istiqamətdə fəaliyyət davam edəcək.
Səfər çərçivəsində ticarəti-iqtisadi, investisiya və maliyyə-texniki sahələrdə əməkdaşlıqla bağlı 12 milyard dollar dəyərində sənədlər imzalanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd