DÜNYA
Özbəkistanla Türkiyə arasında əməkdaşlığın daha da inkişafına dair sənədlər imzalanıb
Daşkənd, 9 mart, AZƏRTAC
Özbəkistanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkənin xarici işlər naziri Əbdüləziz Kamilovla görüşüb, nazirlərin sədrliyi ilə Strateji Planlaşdırma Qrupunun ikinci iclası keçirilib.
AZƏRTAC Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, nazirlərin görüşündə siyasi, ticari-iqtisadi, nəqliyyat-kommunikasiya, sərmayə qoyuluşu, turizm, elm-təhsil, mədəni-humanitar parlamentlərarası dialoqun dərinləşdirilməsi, müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, regional əməkdaşlığın inkişafı və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Tədbirdə yüksək səviyyədə Özbəkistan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının (SƏŞ) ikinci Zirvə görüşünə hazırlıq məsələləri diqqət mərkəzində olub.
Qeyd edək ki, Özbəkistan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının birinci Zirvə görüşü ötən ilin fevral ayında Ankara şəhərində olub. Görüşdə 2022-2023-cü illərdə ölkələrin xarici işlər nazirlikləri arasında Əməkdaşlıq Proqramı və tərcümə xidmətləri sahəsində qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
Tərəflər Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər strukturlar çərçivəsində əməkdaşlığın fəallaşdırılması istiqamətində fikir mübadiləsi də aparıblar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd