DÜNYA
Özbəkistanla Türkiyə arasında hərbi sahədə əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə olunub
Daşkənd, 27 oktyabr, АZƏRTAC
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədə səfərdə olan Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Şavkat Mirziyoyev Özbəkistanla Türkiyə arasında strateji tərəfdaşlıq münasibətləri istiqamətində əlaqələrin dinamik inkişaf etdiyini qeyd edib. Özbəkistan dövlətinin başçısı son 3 ildə iki ölkə arasında əlaqələrin yeni səviyyəyə qalxdığını diqqətə çatdırıb.
Hulusi Akar qəbula görə təşəkkürünü bildirib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və xoş arzularını çatdırıb.
Görüşdə ölkələr arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın indiki vəziyyəti və perspektivləri müzakirə edilib, son illərdə müdafiə sahəsində həyata keçirilən birgə tədbirlər planına yekun vurulub.
Danışıqlar zamanı Özbəkistanın və Türkiyənin müdafiə qurumları arasında qarşılıqlı fəaliyyət, hərbi kadrların hazırlanması sahəsində proqramın həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması, regionda təhlükəsizliyin qorunması məsələləri də diqqət mərkəzində olub.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilib.
Hulusi Akar gələcəkdə Özbəkistanla hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını bildirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd