İDMAN
Özbəkistanlı paracüdoçu: Bakıda keçirilən Qran-Pri turnirində qalib gəldiyim üçün çox sevinirəm
Bakı, 14 may, AZƏRTAC
Bakıda keçirilən Qran-Pri turnirində qalib gəldiyimə görə çox sevinirəm. Bu turnirə çox ciddi hazırlaşmışdım. Yarışda rəqiblərimin əzmkarlığı qələbəyə inamımı daha da artırırdı.
Bu sözləri Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışında 81 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Özbəkistan idmançısı Davurxon Karomatov AZƏRTAC-a müsahibəsində deyib.
Turnirdə mübarizəsindən danışan Davurxon Karomatov bildirib: “Bakıya böyük inamla gəlmişəm. Finala qədər rəqiblərimi asanlıqla məğlub etdim. Ən çətin qarşılaşmam finalda azərbaycanlı idmançı Hüseyn Rəhimli ilə oldu. Son dəqiqələrdə gücümü toplayaraq bu rəqibimə də qalib gələ bildim. Bakıdakı Qran-Prini karyeramda ən mühüm yarışlardan biri kimi daim xatırlayacağam”.
Heydər Əliyev adına İdman Sarayında keçirilən Qran-Pridə 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparır. Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edir. Yarışa mayın 14-də yekun vurulacaq. Qran-Pri "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.