İDMAN
Özbəkistanlı paracüdoçu: Qazandığım qızıl medal sayəsində yığmamız Qran-Pridə birinci oldu
Bakı, 15 may, AZƏRTAC
Bakıda keçirilən Qran-Pri turniri karyeramda ən çox yadda qalan yarışlardan biri olacaq. Turnirə çox ciddi hazırlaşmışdım və bunun bəhrəsini gördüm. Sevindirici hal odur ki, qazandığım qızıl medal sayəsində yığmamız birinci yerə yüksəldi.
Bu sözləri Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışında 100 kiloqramdan yuxarı çəki dərəcəsində qızıl medal qazanan Özbəkistan idmançısı Şirin Şaripov AZƏRTAC-a müsahibəsində deyib.
Yarışın yüksək səviyyədə təşkil edildiyini bildirən Paralimpiya Oyunlarının mükafatçısı Bakıda güclü idman infrastrukturunun olduğunu diqqətə çatdırıb: “Turnirdə Özbəkistan paracüdoçuları uğurla çıxış edib, mükafatçılar sırasında yer alıblar. Yarımfinaladək bütün rəqiblərimi asanlıqla məğlub etdim. Yarımfinalda rəqibim ikiqat Paralimpiya çempionu İlham Zəkiyev idi. Finalda isə İran idmançısı ilə üz-üzə gəldim. Bu görüşün də ağır keçməsinə baxmayaraq, sonda rəqibimi məğlub edərək komandamızın aktivinə dördüncü qızıl medalı yazdıra bildim. Əsas məqsədim 2020-ci ildə Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya əldə etməkdir”.
Heydər Əliyev adına İdman Sarayında keçirilən Qran-Pridə 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparıb. Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edib. Qran-Pri "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırıb.