ELM VƏ TƏHSİL
Özbəkistanlı professor: Şərqşünaslıq sahəsindəki tədqiqatlarda Ziya Bünyadov qiraətləri mühüm rol oynayır
Bakı, 19 oktyabr, AZƏRTAC
Bakıda “Müasir şərqşünaslığın aktual problemləri” “(Ziya Bünyadov qiraətləri)” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransın iştirakçıları Rusiya Elmlər Akademiyasının A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, akademik Aleksandr Kudelin və Özbəkistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əməkdaşı, professor Bəxtiyar Babacanov AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər.
Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, G.Baxşəliyeva tanınmış alimlərə rəhbərlik etdiyi elmi müəssisədə aparılan tədqiqatlar, nəşr olunan kitablar barədə məlumat verib. Sonra qonaqlara institut haqqında məlumatları əks etdirən bukletlər, eləcə də bu elmi müəssisədə çap olunan kitablar hədiyyə edilib.
G.Baxşəliyeva Rusiya Elmlər Akademiyasının A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu ilə iki gün əvvəl bağlanmış əməkdaşlıq haqqında müqaviləni xatırladıb və bu istiqamətdə görülməsi planlaşdırılan işlərdən söz açıb.
A.Kudelin rəhbərlik etdiyi elmi müəssisədə görülən işlərdən, o cümlədən özünün elmi tədqiqatlarından, institutlar arasında əlaqələrin tarixindən danışıb, akademik Ziya Bünyadov haqqında xatirələrini bölüşüb.
Özbəkistanda şərqşünaslıq sahəsində aparılan tədqiqatlardan danışan B.Babacanov qarşılıqlı əməkdaşlığın əhəmiyyətini qeyd edib və bu sahədə Ziya Bünyadov qiraətlərinin mühüm rol oynadığını vurğulayıb.
Qonaqlar daha sonra Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən akademik Ziya Bünyadov kabinetində olublar, görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın həyat və yaradıcılıq yolunu əks etdirən stendə baxıblar.