REGİONLAR
Özbəkistanlı qonaqlar Şamaxı Cümə Məscidi və rəsədxana ilə tanış olublar VİDEO
Şamaxı, 12 iyul, Adil Ağayev, AZƏRTAC
Azərbaycanda səfərdə olan Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxon Alimov iyulun 12-də Şamaxıya gəliblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müşayiəti ilə əvvəlcə Şamaxı Cümə məscidinə gələn qonaqlar rayon rəhbərləri, məscidin din xadimləri tərəfindən mehribanlıqla qarşılanıblar.
Sonra məscidlə tanışlıq olub. Bildirilib ki, Şamaxı Cümə məscidi Cənubi Qafqazda ən qədim məscidlərdən biridir. 743-cü ildə inşa olunan, 1859-cu və 1902-ci illərdə baş verən viranedici zəlzələlərin təsirindən belə tam dağılmayıb yenə öz əzəmətini saxlayan bu ibadət yeri 1918-ci ilin martında erməni daşnakları tərəfindən yandırılıb. Həmin vaxt məscidə sığınan 1500 nəfərdən çox günahsız insana, o cümlədən qadın və uşaqlara belə aman verilməyib. Mart soyqırımı zamanı çəkilən və böyüdülərək məscidin həyətində nümayiş etdirilən 17 fotoşəkil erməni soyqırımının, vandalizminin əyani təsviridir.
Qeyd olunub ki, Prezident İlham Əliyev 2009-cu ilin noyabr ayında Şamaxıya səfəri zamanı böyük tarixi dəyəri və xalqın mənəvi dünyasında xüsusi yeri olan Cümə məscidinin bərpasına qərar verib. 2013-cü ilin mayın 17-də yenidən bərpa edilən məscidin açılışı olub. Bu zaman məscidin ilkin görkəminə qaytarılması diqqət mərkəzində saxlanılıb. Hazırda burada 1500 nəfər eyni vaxtda ibadət edə bilər.
Sonra qonaqlar və onları müşayiət edən şəxslər uzun illərdən bəri dünya astrofizika elminə sanballı töhfələr verən, böyük elm ocağı olan AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına gediblər. Burada onlar rəsədxana ilə tanış olub, aparılan elmi-tədqiqat işləri ilə maraqlanıblar. Məlumat verilib ki, elmi tədqiqatlar əsasən “Səma cisimlərinin dinamikası və fizikası” istiqamətinə daxil olan iki problem - ulduz və dumanlıqlarda baş verən fiziki dəyişkənliklərin kompleks tədqiqi və Günəş fizikası, Günəş sistemi cisimlərinin fizika və dinamikası üzrə aparılır. Bunlardan başqa, rəsədxanada nəzəri astrofizika, kosmologiya, radioastronomiya, yüksəktezlikli radio siqnallarının ionosfer ssintilyasiyaları və onların müxtəlif kosmik hava faktorlarından asılılığı, astronomiyanın tarixi və sair üzrə də araşdırmalar reallaşdırılır.
Şamaxının dini və elmi məkanları ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.