MƏDƏNİYYƏT
Özbəkistanlı rejissorun filmi “Oskar” mükafatına iddiaçılar siyahısında yer alıb
Daşkənd, 9 oktyabr, АZƏRTAC
“Xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına iddiaçıların siyahısına özbək rejissoru Umid Xamdamovun “İsti çörək” bədii filmi də düşüb.
AZƏRTAC xəbər verir ki, “Oskar” təşkilatının şərtlərinə görə, xarici film ABŞ ərazisindən kənarda çəkilməli, oradakı dialoqlar xarici dildə aparılmalı, kinolent 40 dəqiqədən çox olmalıdır.
Bu ekran əsəri Özbəkistanda münsiflər heyətinə təqdim edilən altı filmin içərisindən seçilib.
Xatırladaq ki, “İsti çörək” filmi “Kinoşok” festivalında əsas mükafata layiq görülüb. Filmdə çəkilən aktrisa Firuzə Saidova “Ən yaxşı qadın rolu”na görə mükafat alıb.
92-ci “Oskar” festivalının qalibləri 2020-ci ilin fevralında mükafatlandırılacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd