MƏDƏNİYYƏT
Özbəkistanlı şagirdlər “Odlar yurdunun naxışları” ilə tanış olublar
Daşkənd, 25 oktyabr AZƏRTAC
Daşkənddəki 110 nömrəli məktəbin 6-cı sinif şagirdləri Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəki “Azərbaycan-Özbəkistan Dostluğu Muzeyi” və “Odlar yurdunun naxışları” adlı xalça sərgisi ilə tanış olublar.
Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova Azərbaycanın mədəniyyəti, incəsənəti haqqında ətraflı məlumat verib.
Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman uşaqlara böyük diqqət və qayğı göstərib, onlarla maraqlanıb.
K.Pirməmmədova qeyd edib ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin bu istiqamətdə apardığı işi uğurla davam etdirirlər. Belə ki, ölkəmizdə təhsilə böyük diqqət yetirilir, yeni məktəblər tikilir və ya yenidən qurulur, təhsil ocaqları kompüterləşdirilir.
O, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr və Azərbaycanın ənənəvi xalça sənətinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini də vurğulayıb.
Tədbirdə Azərbaycanın xalça sənəti, onun qədim tarixi, ölkəmizin regionlarına xas olan xalçalar, onlarda əks olunmuş naxışlar və s. barədə ətraflı məlumat verilib.
K.Pirməmmədova Şirvan, Qarabağ, İrəvan, Dərbənd, Quba, Naxçıvan, Qazax-Borçalı və digər ərazilərdə əllə toxunulmuş xalçalar haqqında da danışıb.
Sərgidə Azərbaycan xalçaçılıq məktəbinə aid 20-yə yaxın qədim xalça nümayiş olunub.
Şagirdlər Azərbaycan xalça sənətini özündə əks etdirən kitab sərgisinə baxıb, xalçaların əl ilə toxunulmasında istifadə olunan dəzgaha da maraqla tamaşa ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd