İQTİSADİYYAT
Özəl sektor ilə MİDA-nın əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
Bakı, 20 fevral, AZƏRTAC
Mənzil İnşaatı Dövlət Agentliyinin idarə heyətinin (MİDA) sədri Sadiq Sadıqov “Caspian European Club”un fevralın 20-də təşkil etdiyi “CEO Lunch Baku”da fəxri qonaq qismində iştirak edib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirin əvvəlində “Cahan Sənaye Kompleksi” MMC tərəfindən "MAGNA" markasının tanıtım filmi nümayiş olunub və “PAŞA Sığorta” şirkətinin idarə heyəti sədrinin müavini Tural Əliyev “Azərbaycanda zəlzələ riski və sığortası” mövzusunda çıxış edib.
Daha sonra MİDA-nın idarə heyətinin sədri S.Sadıqov agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib.
“CEO Lunch Baku”da qeyri-rəsmi şəraitdə kluba üzv şirkətlərin rəhbərlərinin özəl sektor ilə MİDA arasında əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə təklif və təşəbbüsləri müzakirə olunub. Həmçinin “CEO Lunch Baku”nun iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Biznes-forumda S.Sadıqova “Caspian European Club”un fəxri üzvlük sertifikatı təqdim olunub və klubun yeni üzvlərinə və üzvlüyünü davam etdirən şirkətlərinə sertifikatlar verilib.
Tədbir Mənzil İnşaatı Dövlət Agentliyi ilə əməkdaşlığın genişləndiriməsində maraqlı olan “Caspian European Club”un üzvlərinin çoxsaylı müraciətləri əsasında təşkil edilib.