İQTİSADİYYAT
Özəl toxumçuların I Ümumrespublika müşavirəsi keçirilib YENİLƏNİB
Bakı, 12 iyul, AZƏRTAC
İyulun 12-də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin təşkilatçılığı və Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin dəstəyi ilə özəl toxumçuların I Ümumrespublika müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi toxum və ting istehsalçılarının qarşısında duran problemləri müzakirə etmək, həlli yollarını axtarmaqdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev toxumçuluğun və tingçiliyin ölkə daxilində inkişafının, fermerlərin yerli istehsal məhsulu olan toxum və tinglərlə təmin edilməsinin ölkənin ərzaq təhlükəsizliyi istiqamətində mühüm addımlardan olduğunu bildirib. Bu gün ölkədə toxuma olan tələbatın böyük hissəsinin idxal hesabına ödənildiyini təəssüflə qeyd edən xidmət rəisi Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə toxum sektorunun inkişafının strateji hədəf kimi qarşıya qoyulduğunu vurğulayıb.
“Görüləcək tədbirlər sırasında toxum və ting istehsalının təşviq edilməsi, toxum və ting istehsalçılarının fəaliyyətlərinin gücləndirilməsinə dəstək verilməsi, istehsalda keyfiyyətə nəzarət sisteminin yaradılması və sertifikatlaşdırma mexanizminin, eləcə də, toxumçuluq laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi və digər bu kimi addımların atılması gözlənilir”, - deyə M.Əliyev qeyd edib.
O, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi layihələr çərçivəsində toxumçuluq sektorunun inkişafı istiqamətində bir sıra işlərin görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. Əlavə edib ki, istər Dünya Bankı ilə birgə icra olunan Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi, istərsə də Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla icra olunan Kənd Yerlərinin Kompleks İnkişafı və BMT İnkişaf Proqramı ilə yeni icraya başlanan “Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihələri üzrə bir sıra işlər görülüb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak Azərbaycanda özəl toxumçuluğun inkişafının dövlətin prioritet sahələrindən biri olduğunu və sahəyə rəhbərlik etdiyi qurum tərəfindən lazımi dəstək veriləcəyini vurğulayıb.
Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin direktoru Anar Əzimov layihə çərçivəsində Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin 9 regional toxum sertifikatlaşdırma laboratoriyasının müasir avadanlıqlarla və mebellə tam təchiz edildiyini, Elmi Tədqiqat Əkinçilik İnstitutunun 6 regional təcrübə təsərrüfatına istehsal gücü saatda 2 ton olan müasir toxum-təmizləmə xətlərinin alınıb istifadəyə verildiyini bildirib.
Müşavirədə özəl toxumçularla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin, nazirlik yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dünya Bankı Beynəlxalq Maliyyə Korporasiyasının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Beynəlxalq Əmək Təşkilatının nümayəndələri də iştirak ediblər.