İQTİSADİYYAT


Özəlləşdirmə hərracında investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

Bakı, 18 iyun, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən iyulun 16-da keçiriləcək növbəti hərracda investorların rahatlıqla dövlət əmlaklarını özəlləşdirmək imkanı var. Belə ki, hərracda yaradılan elektron mühit sayəsində hər kəs olduğu yerdən prosesə qoşula bilir. İnnovativ üstünlüklər dövlət əmlaklarının özəlləşdirilməsinə marağı artırır, o cümlədən özəlləşdirmə prosesini sürətləndirir.

Komitədən AZƏRTAC-a bildirilib ki, budəfəki hərracda özəlləşməyə çıxarılan 96 əmlakdan 38-si kiçik dövlət müəssisəsi və obyekti, 22-i səhmdar cəmiyyəti, 15-i istifadəsiz qeyri-yaşayış sahəsi, 7-si yarımçıq tikili, 14-ü isə nəqliyyat vasitəsidir.

Paytaxtda və bölgələrdə yerləşən kiçik dövlət əmlakları qiymət, sahə və fəaliyyət baxımından müxtəlifdir. Özəlləşdirməyə çıxarılan bu dövlət obyektlərinin sahəsi 12,2 kvadratmetr ilə 3,1 min kvadratmetr arasında dəyişir. Potensial investorlar biznes planlarına uyğun olaraq yardımçı təsərrüfat, əmlak kompleksləri, xidmət və ticarət obyektləri üzrə seçim edə bilər. Sahəsi 1712,1 kvadratmetr olan dövlət əmlakı paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşir. Obyektin özəlləşdirilməsi investor üçün xidmət sahələri üzrə gəlirli fəaliyyət imkanları yarada bilər.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin isə sahəsi 9,2 kvadratmetr ilə 127,4 kvadratmetr arasındadır. Bu növ dövlət əmlaklarından 7-si paytaxtda, 2-si Sumqayıtda, 2-si Daşkəsəndə, digərləri isə Bərdə, Şirvan və Ağdaşda yerləşir. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki qeyri-yaşayış sahəsinin sahəsi 76,2 kvadratmetrdir.

Səhmdar cəmiyyətləri inşaat, kəndkimya, nəqliyyat, ticarət, istehsal və digər sahələrə aiddir. Budəfəki hərraca “Ucar İnşaat Xidmət“, “Şıxlar Broyler”, “Yevlax taxılçı” və digər səhmdar cəmiyyətlərinin 30-45 faizlik dövlətə məxsus səhm paketləri çıxarılıb.

Nəqliyyat vasitələrinin isə buraxılış tarixləri 1986-2007-ci illəri əhatə edir. Bu kateqoriyadan olan dövlət əmlakları “Nissan”, “Hyundai” , “Kia” və digər markalara aiddir.

Komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat əldə etmək mümkündür. Seçim edən şəxs onlayn formada sifariş verməklə hərracda iştirak statusu qazana bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.