İQTİSADİYYAT
“Özəlləşdirmə sahəsinə investisiyalar: yeni imkanlar və çağırışlar” mövzusunda işgüzar forum keçiriləcək
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 15-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Özəlləşdirmə sahəsinə investisiyalar: yeni imkanlar və çağırışlar” mövzusunda işgüzar forum təşkil ediləcək.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, forumun əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, hazırda özəlləşdirməyə açıq olan sahələr, özəlləşdirmədəki yeni yanaşmalar və ölkədəki investisiya mühiti barədə məlumatlandırmaq, onların bu prosesdə iştirakının genişləndirilməsi ilə bağlı praktiki addımların atılmasına təşviq etməkdən ibarətdir.
Forum çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.
Tədbirdə ölkənin ən iri holdinq, assosiasiya, şirkətlər qrupunu təmsil edən 100-dən artıq sahibkarlıq subyekti, məsləhətçilər, iş adamları, daşınmaz əmlak mütəxəssisləri iştirak edəcək.