İQTİSADİYYAT
Özəlləşdirmə üzrə təşkil edilən növbəti hərraca 47 dövlət əmlakı çıxarılıb
Bakı, 26 noyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirmə üzrə təşkil edilən növbəti hərraclardan biri də dekabrın 25-də keçiriləcək.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, hərraca ümumilikdə 47 dövlət əmlakı çıxarılıb. Onlardan 12-si kiçik dövlət müəssisə və obyekti, 2-si qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 13-ü nəqliyyat vasitəsidir.
İnvestorlar kiçik dövlət müəssisələri üzrə seçim edərək həm hazırkı sahə, həm də digər istiqamətlər üzrə biznes planlarını reallaşdıra bilər. Bu dəfə hərraca çıxarılan dövlət əmlakları arasında ən yüksək olan ümumi faydalı sahəyə malik əmlak – “Taxıl qəbul məntəqəsi” Qobustan şəhərində yerləşir. Ümumi faydalı sahəsi 3763,3 kvadratmetr olan müəssisə 19 min 551 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdiriləcək. Gəncə şəhəri, Nizami rayonundakı obyektin isə ümumi faydalı sahəsi 299 kvadratmetrdir. Xidmət sahəsi üzrə gəlirli fəaliyyət üçün uyğun olan bu əmlak da torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb.
Paytaxtdakı qeyri-yaşayış sahələri kiçik sahibkarlıq fəaliyyəti üçün uyğundur. Bu obyektlərdən biri Səbail rayonu, Ş.Ələkbərova küçəsində yerləşir. Onun ümumi faydalı sahəsi 106,9 kvadratmetrdir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında kənd kimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və digər sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Zaqatala Sənaye Kombinatı”, “Sabunçu Ticarət Təchizat”, “Ağcabədi Aqrotexservis”, “Xaçmaz Mexanizasiya Nəqliyyat” və bu kimi səhmdar cəmiyyətləri aiddir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Özəlləşməyə çıxarılan 2005 və 2007-ci illərin nəqliyyat vasitələri, “Nissan”, “Hyundai”, “QAZ”, “UAZ” və “Ford” olmaqla vətəndaşlara təklif edilir.
Qeyd olunub ki, dövlət əmlakları barədə ətraflı məlumatları Özəlləşdirmə portalında (privatization.az) əldə edən vətəndaş hərraclara elektron formada qatıla bilər. İstifadəçi operativ sifariş imkanları ilə hər seçdiyi əmlak üzrə potensial iştirakçıya çevrilə bilər. Bunun üçün qeydiyyatdan keçmək və müvafiq dövlət əmlakının ilkin qiymətinin 10 faizi miqdarında beh ödəmək kifayətdir. Hərrac keçirilən gün isə iştirakçı statusu qazanan şəxslərlə yanaşı, prosesə maraqlı olanlar da keçirilən ünvana gələrək prosesi canlı və ya onlayn olaraq izləyə bilər.