MƏDƏNİYYƏT
Özgül Özkan Yavuz: Azərbaycan Qarabağı daha gözəl mədəniyyət və sənət mərkəzi kimi yenidən ayağa qaldıracaq VİDEO
İstanbul, 13 may, AZƏRTAC
Qarabağda, Şuşada böyük bir dağıntı olub. Mədəni irsimizə, məscidlərimizə, milli-mənəvi dəyərlərimizin nümunələrinə, muzeylərimizə çox böyük zərərlər vurulub. Lakin bu əsərlərdə, əslində, orada var olan ümidi də görmək mümkündür. Çünki güclü bir mədəniyyəti olan xalqı heç kim yıxa bilməz. Azərbaycan da bu güclü keçmişi və mədəniyyəti ilə Qarabağı, eləcə də Şuşanı keçmişdə olduğundan daha da gözəl mədəniyyət və sənət mərkəzi kimi yenidən ayağa qaldıracaq. Biz buna ürəkdən inanırıq. Təbii ki, Türkiyə Respublikası və dövlət qurumları olaraq biz də hər növ mədəni əməkdaşlığa, dəstəyə hər zaman hazırıq. Bütün mədəni-irs, ədəbiyyat, kino, sənət kimi digər ortaq əməkdaşlıq sahələrində dost və qardaş Azərbaycanın hər zamankı kimi, Qarabağda da yanındayıq. Qarabağda şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət diləyirəm.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Özgül Özkan Yavuz ifadə edib.
İstanbulun Atatürk Mədəniyyət Mərkəzində keçirilən azərbaycanlı rəssam Nigar Helmi Abbasbəylinin “Qarabağın mirası” mövzusunda fərdi rəsm sərgisi haqqında danışan nazir müavini deyib: “Belə bir sərgiyə ev sahibliyi etməkdən böyük bir xoşbəxtlik hissi duyuruq. Azərbaycan Mədəniyyət Nazirliyinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə müraciəti əsasında ərsəyə gələn bu sərgidə Qarabağda, Şuşada baş verənləri rəssamın möhtəşəm əsərləri ilə İstanbulda sənət yolu ilə insanlara çatdırmağa çalışırıq. Əsərlər, xüsusilə istifadə olunan rənglər və işıq çox uğurludur. Biz də ev sahibi olaraq belə bir sərginin keçirilməsindən olduqca qürurluyuq. Bu əsərlərin dünyanı dolaşacağına inanıram”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul