CƏMİYYƏT


“Özün Yarat” müsabiqəsinin qalibləri mükafatlandırılıblar VİDEO

Bakı, 13 may, Göyçək Mahmudlu, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Heydər Əliyev Mərkəzinin parkında “Özun Yarat” müsabiqəsinin açıq havada mükafatlandırma mərasimini keçirib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Aİ, ETSN və BMTİP nümayəndələri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən həyata keçirilən “EU4Climate” regional layihəsi çərçivəsində başlanmış “Özün Yarat” müsabiqəsinin qaliblərinin əl işləri ilə tanış olublar.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Peter Miçalko və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin müavini Çaru Bist ölkədə iqlim fəaliyyətinə aid mühüm mesajlarla çıxış ediblər.

Nazir müavini Rauf Hacıyev bildirib ki, qloballaşma prosesi, iqtisadiyyatın sürətli inkişafı və əhali sayının artması ilə əlaqədar təbii sərvətlərə tələbatın artması, iqlimdə baş verən dəyişikliklər və digər amillər ekoloji problemlərin artmasına səbəb olur.

O, ölkəmizdə tullantıların düzgün idarə olunması, onların emalı və təkrar istifadəsinin təşkili istiqamətində bir sıra əhəmiyyətli işlər görüldüyünü, təbliğat və təşviqat tədbirləri həyata keçirildiyini diqqətə çatdırıb: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı “Gələcək Sənin Əlindədir” şüarı altında keçirilən “Özün Yarat” müsabiqənin məqsədi istifadəyə yarasız hesab etdiyimiz məhsulları yenidən istifadəyə təşviq etməkdir. “Özün Yarat” platforması, tullantıların və ətraf mühitə digər zərərli təsirlərin azaldılmasının təsirli bir yolu olaraq yenidən istifadəni təbliğ etmək üçün ilk dəfə 2020-ci ildə istifadəyə verilib. Çox məmnunam ki, birgə başlatdığımız bu təşəbbüs yaradıcılıq qabiliyyəti olan insanı bir araya gətirdi. Onlar tullantılara yenidən həyat verərək, təkrar istifadəsi ilə bağlı maraqlı həll yolları təqdim etdi. Fəaliyyətə başlamaq üçün iradə və hazırlıq cəmiyyətin bütün təbəqələri, xüsusilə də gənclər arasında görünür. Əgər biz bu enerjidən istifadə edə bilsək, inanıram ki, gənclərin gücü və idealizmi ilə fikirləri və təfəkkürü dəyişə bilərik. Məişət tullantılarından, lazımsız əşyalardan istifadə olunaraq hazırlanmış sənət əsərlərinin təqdim edilməsinin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir. Yararsız hesab edilərək atılmış əşyalar, tullantı materialları yenidən “həyat” qazana bilər. Təhlükəli tullantı sayılan işlənmiş batareyaların təbiətə düşməsinin qarşısını almaq üçün də tədbirlər həyata keçirilir. Bununla əlaqədar “batareyaları təhvil ver, təbiəti qoru” aksiyasına start verilib. İlkin olaraq bir neçə hipermarket və supermarket filiallarında qəbul məntəqələri yaradılıb. Bu aksiyada gəncləri də yaxından iştirak etməyə dəvət edirik.

Yediyimiz qida, nəfəs aldığımız hava, içdiyimiz su və iqlim şəraiti, planetimizi yaşamaq üçün əlverişli edən bütün bu amillər hamısı təbiətin bizə bəxş etdiyi nemətlərdir. Öz qayğımıza qalmaq üçün ilk növbədə təbiətə qayğı göstərməliyik. Ümid edirəm ki, bu təşəbbüs hamımıza örnək olacaq və tullantı hesab etdiyimiz əşyalardan yenidən istifadə etməyə davam edəcəyik. Bu həm xammal kimi iqtisadi cəhətdən səmərəlidir, həm də ətraf mühiti ekoloji yükdən qoruyur”.

Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Peter Miçalkonun sözlərinə görə, sıfır tullantı və sıfır emissiya ilə dairəvi iqtisadiyyatın yaradılması Avropa İttifaqının Yaşıl Sazişinin əsas məqsədi və onun Avropanı 2050-ci ilə qədər dayanıqlı və iqlimə neytral etmək ambisiyasıdır. "Aİ-nin Paris İqlim Sazişinin məqsədlərinə çatmaq öhdəliyinə uyğun olaraq “EU4Climate” layihəsi Azərbaycandakı tərəfdaşlarımıza Aİ və ən yaxşı beynəlxalq təcrübə ilə Paris razılaşması üzrə öhdəliklərini yerinə yetirməkdə dəstək verir. Yaradıcılığı və bacarığı ilə canlı vətəndaş cəmiyyəti Paris məqsədlərinə çatmaqda, yəni iqtisadiyyatlarımızın və həyat tərzimizin transformasiyasını “aşağıdan yuxarıya” aparmağa kömək etməklə əsas rol oynayır. Bugünkü rəqabətdə təqdim olunan tullantıların azaldılması və təkrar emalı üçün böyük ideyalar və konsepsiyalar bizim daha geniş və daha səmərəli istifadə etməli olduğumuz bu potensialı nümayiş etdirir”, - deyən Peter Miçalko bütün iştirakçıları və təşkilatçıları yüksək uğurlu tədbirə görə təbrik edib.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin müavini Çaru Bist öz çıxışında Azərbaycan hökumətinin BMT-nin 2030-cu il Gündəliyinə qoşulmasından sonra götürdüyü Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün göstərdiyi səyləri alqışladıqlarını və hər cür dəstəyi verməyə hazır olduqlarını diqqətə çatdırıb. O deyib: “Prioritet məqsədlərdən birinə - iqlim fəaliyyətinə nail olmaq üçün Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Dördüncü Milli Bəyanatı uğurlu əməkdaşlığımızla tamamlandı. “EU4Climate” regional layihəsi ölkənin iqlim risklərinə davamlı, enerjiyə qənaətcil və təbii resursları davamlı şəkildə idarə edən daha yaşıl, dairəvi iqtisadiyyata keçidini asanlaşdırmağa kömək edir”.

Sonra tərəfdaş təşkilatlar tərəfindən “Özün Yarat” müsabiqəsinin builki qalibləri mükafatlandırılıb. Müsabiqənin qaliblərinə qiymətli hədiyyələr təqdim olunub. Digər nominasiyalar üzrə qaliblərə həvəsləndirici mükafatlar və sertifikatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.