CƏMİYYƏT
Özünə və azyaşlı oğluna bıçaqla xəsarət yetirən şəxslə bağlı cinayət işi başlanıb
Bakı, 11 avqust, AZƏRTAC
Avqustun 5-də saat 14 radələrində Səbail rayonu ərazisində Emil Kazıyevin 2018-ci il təvəllüdlü oğlu Ömər Şabanova bıçaq xəsarəti yetirməsi, daha sonra özünün də bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirməsi barədə Səbail Rayon Polis İdarəsinə məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaq zamanı Emil Kazıyevin bıçaqla boğaz nahiyəsini kəsərək köməksiz vəziyyətdə olan azyaşlı oğlu Ömər Şabanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirildiyindən avqustun 10-da iş üzrə əməl Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddəsinə tövsif edilməklə cinayət işi Səbail Rayon Prokurorluğu tərəfindən icraata qəbul olunub.
Rayon prokurorluğunun müstəntiqi tərəfindən Emil Kazıyevin barəsində “ittiham elan edilməsi üçün tutulması” haqqında qərar qəbul edilib. Lakin sonuncunun xəstəxananın reanimasiya şöbəsində stasionar müalicə almasını nəzərə alaraq, hazırda təqsirləndirilən şəxs qismində cəlb edilməsi mümkün olmayıb.
Hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən azyaşlı Ömər Şabanovun şəxsiyyət kimi formalaşmasına, habelə onun mənəvi inkişafına, fiziki və psixi sağlamlığına təsir edən amillər, ümumilikdə maddi-məişət şəraiti hərtərəfli yoxlanılır. Araşdırmanın nəticəsindən asılı olaraq Ömər Şabanovun gələcək həyat şəraiti, qulluq və qayğı vəziyyəti ilə bağlı qanuni tədbirlər görüləcək.