CƏMİYYƏT
Özünü Türkiyə vətəndaşı kimi təqdim edərək dələduzluq yolu ilə insanları aldadan şəxs saxlanılıb VİDEO
Bakı, 20 noyabr, AZƏRTAC
Dələduzluq yolu ilə insanları aldadan və bununla da zərərçəkənlərin pulunu və qiymətli əşyalarını mənimsəyən şəxsin saxlanılması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinə (RPİ) taksi fəaliyyəti ilə məşğul olan Elçin Bayramov müraciət edərək bildirib ki, cari il noyabrın 16-da özünü Türkiyə vətəndaşı kimi təqdim edən Ayhan adlı şəxsi müştəri qismində əvvəlcə Sumqayıt şəhərinə, daha sonra isə Bakı Beynəlxalq Avtovağzalına aparıb. Sumqayıt şəhərində həmin şəxs taksi sürücüsünə bildirib ki, üzərində 100 dollar var və ona təcili 25 manat lazımdır. Taksi sürücüsündən həmin pulu alan Ayhan pulu xırdalayıb 25 manatı və gediş haqqını ödəyəcəyini bildirib. Avtovağzal ərazisində isə həmin şəxs taksi sürücüsünün “Hisense” markalı mobil telefonunu da dələduzluq yolu ilə alaraq hadisə yerindən uzaqlaşıb.
Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Tehran İsmayılov saxlanılaraq istintaqa təqdim olunub. Araşdırma zamanı T.İsmayılovun daha bir taksi sürücüsünün 100 manat pulunu dələduzluq yolu ilə mənimsədiyi məlum olub.
Faktlarla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən T.İsmayılovun digər cinayətlər törətdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Binəqədi RPİ-nə müraciət edə bilərlər.