CƏMİYYƏT


Özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edən şəxsi polislər ifşa etdi

Bakı, 28 may, AZƏRTAC

Mayın 28-də gecə saat 3 radələrində Yasamal rayonu ərazisində xidmət aparan Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayının əməkdaşları hərbi geyimdə olan bir nəfəri baş nahiyəsindən xəsarət almış halda yolun kənarındakı səkidə oturmuş vəziyyətdə görüb ona yaxınlaşıblar.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin şəxs, özünü polis əməkdaşlarına Xüsusi Dövlət Mühafizə Xidmətinin bölük komandiri kimi təqdim edib. O, sərxoş və yaralı vəziyyətdə olduğuna görə asayiş keşikçiləri tibbi yardım göstərilməsi məqsədi ilə dərhal hadisə yerinə təcili tibbi yardım stansiyasının həkimlərini dəvət ediblər.

İlkin tibbi yardım göstərildikdən sonra həmin şəxsin üzərində xidməti vəsiqənin olmaması polis əməkdaşlarında əsaslı şübhələr yaratmış və o, müvafiq araşdırmaların aparılması məqsədilə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla onun Ağdaş rayon Korarx kənd sakini Elmir Əhmədov olması və XDMX-nin əməkdaşı olması barədə verdiyi məlumatın tamamilə yalan olduğu müəyyən edilib.

E.Əhmədov izahatında xüsusi karantin rejimi dövründə nəzarət postlarından sərbəst və maneəsiz keçmək üçün bu formadan istifadə etdiyini etiraf edib.

Araşdırmalar zamanı o da müəyyən edilib ki, E.Əhmədov mülki hüquqi öhdəliklərin icrasından yayındığına görə Ağdaş RPŞ tərəfindən də axtarışdadır.

Faktla bağlı Polis Şöbəsində müvafiq araşdırmalar aparılır, nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.