REGİONLAR
Özünüməşğulluq Proqramı Salyanda uğurla icra olunur - REPORTAJ VİDEO
Salyan, 15 avqust, İsmayıl Cəfərli, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən icra olunan Özünüməşğulluq Proqramı çərçivəsində işsiz və işaxtaran vətəndaşlara biznes-planlarına uyğun olaraq mal və materiallar verilir.
AZƏRTAC xəbər verir ki, Özünüməşğulluq Proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilir. Proqramın məqsədi aztəminatlı ailələrin dövlət dəstəyi ilə fərdi təsərrüfatlara sahib olması, onların gəlirlərini artırmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına şərait yaratmaqdır.
Ötən il bu proqram 6 min ailəni əhatə edib, bu il isə əlavə vəsaitlərin cəlb olunması nəticəsində 10 min ailənin əhatə olunması nəzərdə tutulub. Əhali arasında populyarlığı yüksələn bu proqram çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə artıq 45 min müraciət daxil olub, 4 min nəfər təlim keçib, 110 nəfər aktiv əldə edib.
Özünüməşğulluq Proqramının uğurla icra olunduğu rayonlardan biri də Salyandır. Ötən il bu rayonda 97 ailə bu proqrama cəlb olunub.
Salyan Rayon Məşğulluq Mərkəzinin böyük məsləhətçisi Elçin Məcidov deyir ki, onlardan 80 ailə iribuynuzlu, 11 ailə xırdabuynuzlu heyvanla, 6 ailə isə digər xidmət sahələri ilə təmin olunub. Bu ilin ilk altı ayında isə 48 ailə kurslara, özünüməşğulluğa cəlb edilib. Onlar hazırda kursu müvəffəqiyyətlə bitirib və yaxın zamanlarda aktivlərlə təmin olunacaqlar.
Seyidsadıqlı kənd sakini Yeganə Abdullayevanın ailəsi 5 nəfərdən ibarətdir. Ailə uzun zamandır təsərrüfatla məşğuldur. Bu il ilk dəfə olaraq Dövlət Məşğulluq Xidməti tərəfindən onlara verilən iribuynuzlu heyvanlar ailənin sevincinə səbəb olub.
Ailə üzvü Yeganə Abdullayeva deyib: “Məşğulluq Mərkəzi tərəfindən bizə verilən 2 baş heyvana görə təşəkkürümü bildirirəm. Prezidentimizə bizə göstərdiyi qayğıya görə çox-çox təşəkkür edirik. Çalışırıq ki, heyvanları yaxşı bəsləyək, artıraq, südünü, ətini satıb ailə büdcəmizə əlavə gəlir gətirək. Bu işdə əməyi olanlara bir daha təşəkkürümü bildirirəm”.
Arbatan kənd sakini fermer Zaur Axundov da 35 ildir təsərrüfatla məşğuldur. Heyvandarlıqdan başqa, yonca əkini ilə də məşğul olan fermerin ailəsi 5 nəfərdən ibarətdir. Ailədə heç kəs çalışmadığından Salyan Rayon Məşğulluq Mərkəzi tərəfindən onlara da iribuynuzlu heyvanlar verilib.
“Məşğulluq Mərkəzinə müraciət etdim, mənə 2 baş heyvan verdilər. Yemini, otunu vaxtlı-vaxtında verir, peyvəndini vurdururam. Çalışıram bu heyvanların sayını artıram. Hamısı sağlam heyvandır. Bu cür sosial təşəbbüsə görə Prezidentimizə minnətdaram”, – deyə Zaur Axundov qeyd edib.
Özünüməşğulluq Proqramı çərçivəsində işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsi artıq 7 rayonda həyata keçirilir. Bu rayonlarda yaşayan 132 ailəyə heyvandarlıq təsərrüfatlarını qurmaq üçün mal-qara verilib. Aktivlərin paylanılması növbəlilik prinsipi əsasında həyata keçirilir və ilboyu davam etdiriləcək.