CƏMİYYƏT


Özünüməşğulluq proqramı çərçivəsində 5500-dən çox ailə aktivlərlə təmin olunaraq kiçik ailə təsərrüfatlarını yaradıb

Bakı, 24 yanvar, AZƏRTAC

Özünüməşğulluq proqramının icrası çərçivəsində proqram iştirakçılarına mal və materialların verilməsi prosesi həmin vətəndaşların biznes-planlarına uyğun şəkildə aparılmaqla, həmin prosesdə onların məmnunluğu prinsipinə xüsusi diqqət yetirilir. Mal və materiallar təqdim edilərkən vətəndaşların aktivlərdən məmnun olub-olmaması nəzərə alınır. Hər hansı iştirakçı razı qalmadığı halda ona yenidən mal və materiallar, o cümlədən mal-qara təqdim edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ümumilikdə, özünüməşğulluq proqramı ötən il 6,5 dəfə genişlənib, müraciət edən 7896 vətəndaşdan 7267 nəfəri biznes planlarını uğurla müdafiə edib. Artıq 5500-dən çox ailə aktivlərlə təmin olunaraq kiçik ailə təsərrüfatlarını yaradıb.

Aktivlər təklif olunan minlərlə vətəndaş arasında bir neçə narazı şəxsin ola bilməsi də təbii haldır. Ötən il verilmiş aktivlərin keyfiyyəti ilə bağlı iştirakçılar arasında keçirilmiş monitorinqlər zamanı da aktivlərdən şikayət edənlərin proqram iştirakçılarının 0,4 faizini təşkil etdiyi müəyyən olunub (təqdim olunmuş 29 min baş mal-qaradan cəmi 119-u üzrə). Nazirlik həmin iştirakçıların haqlı narazılığına uyğun olaraq müvafiq tədbirlər görüb, yəni, belə olduğu təqdirdə aktivlər yeniləri ilə əvəz edilir. Yekun olaraq vətəndaş razılıq əlaməti olaraq aktı imzalayır. Vətəndaşın razılığı ilə həmin prosesin videoçəkilişi də aparılır.

Proqramın icrasına, xüsusilə də podratçı şirkətlər tərəfindən aktivlərin verilməsi prosesinə nazirlik tərəfindən daimi nəzarət həyata keçirilir. Hər hansı araşdırma aparılmadan, əsas olmadan, bəzi şəxslərin sosial şəbəkələrdə yaydığı provokasiya xarakterli məlumatlara görə mühüm sosial-iqtisadi əhəmiyyəti olan özünüməşğulluq proqramının icrası işləri barədə mənfi rəy yaratmağa çalışmaq məsuliyyətli və peşəkar yanaşma deyil.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə göstərilən bütün xidmətlər üzrə sosial ədalət və qanunvericilik prinsipləri rəhbər tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.