REGİONLAR
Özünüməşğulluq proqramı çərçivəsində Hacıqabulda 17 nəfərə mal və materiallar verilib
Hacıqabul, 6 noyabr, Mahir Babayev, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində noyabrın 6-da Hacıqabul, Şamaxı, Ağsu, İmişli, Zərdab və digər bir neçə rayonda 50-dən çox işsiz və işaxtaran vətəndaşa mal və materiallar təqdim olunub. Onlardan böyük əksəriyyəti biznes-planlarına uyğun olaraq, heyvandarlıq üzrə kiçik ailə təsərrüfatlarını yaratmaq üçün iri və xırdabuynuzlu mal-qara ilə təmin ediliblər. Digər bir qisminə isə xidmət sahələri üzrə özünüməşğulluq fəaliyyətini qurmaq üçün zəruri materiallar verilib.
2016-cı ildə Hacıqabul rayonunda 10 nəfər özünüməşğulluq proqramına cəlb edilib və seçdikləri biznesə uyğun mal-materialla təmin olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il isə 65 nəfər təlimlərdə iştirak edərək qalib gəlib. Hazırda onlardan 17 nəfəri seçdikləri biznesə uyğun heyvandarlıq, arıçılıq və digər xidmət avadanlıqları ilə təmin edilib.
Ümumilikdə cari ilin ötən dövründə özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensialları olan 7300-dən çox vətəndaş seçilərək, proqram üzrə təlimlərə cəlb edilib. Proqrama cəlb edilən işsiz və işaxtaranlar arasında əlilliyi olanlara, şəhid ailələrinin üzvlərinə, məcburi köçkünlərə, sosial cəhətdən digər həssas qruplara üstünlük verilib. Təlim kursunu bitirdikdən sonra, qiymətləndirmələr zamanı biznes planları uğurlu hesab edilənlərin mal və materiallarla təmin olunması həyata keçirilir.
Cəbrayıl, Füzuli, Tərtər, Kürdəmir, Goranboy, Bərdə, Göygöl, Abşeron, Şəki, İmişli, Astara, Hacıqabul, Ağdam, Zaqatala, Balakən, Qax, Şəmkir, Qəbələ, Göyçay, Ucar, Yevlax və digər rayonlarda, habelə Bakı və Sumqayıt şəhərlərində proqram iştirakçılarından bir qisminə mal və materiallar verilməklə, onların kiçik ailə təsərrüfatlarını qurmaları təmin edilib. Ümumilikdə, bu il proqram iştirakçılarından 600-dən çoxu aktivlərlə təmin olunaraq, fərdi təsərrüfatlarını yaradıb. Hazırda bu istiqamətdə iş davam etdirilir.
Mal və materiallarla təmin olunan vətəndaşlar aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması üçün aparılan ardıcıl işlərdən razılıqlarını bildirib, onların öz fərdi təsərrüfatlarını yaradaraq gəlir imkanlarını artırmaları, kiçik sahibkarlığa çıxış imkanı qazanmaları üçün özünüməşğulluq proqramının həyata keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Yeni qurulan təsərrüfatların böyük əksəriyyətinin kənd təsərrüfatı sahələrini əhatə etməsi qeyri-neft sektorunun mühüm hissəsi olan aqrar sahənin inkişafına əlavə dəstək rolu oynayır.