CƏMİYYƏT
Özünüməşğulluq proqramı çərçivəsində bölgələrdə 1600-dən çox kiçik ailə təsərrüfatı yaradılıb
Bakı, 22 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrasına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində respublikanın rayon və şəhərlərində işsiz və işaxtaran şəxslərə mal və materialların verilməsi prosesi davam edir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, son iki gündə 250-dək proqram iştirakçısına mal və materiallar təqdim olunub. İndiyədək isə özünüməşğulluq proqramı çərçivəsində ölkəmizin bölgələrində artıq 1600-dən çox kiçik ailə təsərrüfatı yaradılıb. Onların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini (heyvandarlıq, bağçılıq, arıçılıq, istixana və s.) əhatə edir. Bu da qeyri-neft sektorunun mühüm sahəsi olan aqrar sahədə inkişafa əlavə dəstək verir.
Proqrama cəlb edilən işsiz və işaxtaranlar sırasında əlilliyi olanlara, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlara və digər həssas qruplara üstünlük verilib.