REGİONLAR


Özünüməşğulluq proqramı çərçivəsində növbəti aktivlər təqdim olunub

Naxçıvan, 17 may, AZƏRTAC

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprel ayı üzrə sosial qayğıya ehtiyacı olan 30 ailə müəyyənləşdirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, özünüməşğulluq proqramının bu mərhələsində 14 nəfərin hər birinə 2 baş iribuynuzlu, 4 nəfərin hər birinə 20 baş xırdabuynuzlu heyvan, 5 nəfərə mini yerşumlayan aqreqat, 5 nəfərin hər birinə 10 yeşik arı ailəsi və arıçı ləvazimatları, 1 nəfərə unlu və qənnadı məmulatlarının hazırlanması üçün avadanlıq və ləvazimatlar, 1 nəfərə isə dülgər avadanlıqları və ləvazimatları verilib. Özünüməşğulluğu təmin edilmiş ailələrdən 3 nəfəri şəhid ailəsinin üzvü, 15 nəfəri əlilliyi olan, 4 nəfəri müharibə veteranı, 1 nəfəri cəzaçəkmədən azad olunan, 2 nəfəri nikahı pozulan, 3 nəfəri isə ailə başçısını itirən şəxsdir.

Aktivlərin sənədlərinin təqdim olunması məqsədilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi müvafiq Dövlət proqramlarının icrası çərçivəsində, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib.

Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin direktoru Heydər Quliyev və Kəngərli Rayon Məşğulluq Mərkəzinin direktoru Səxavət Həsənov ötən dövr ərzində proqramın icrası çərçivəsində görülən işlərdən danışıb, əldə olunan nəticələrdən bəhs ediblər.

Aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.

Qeyd edək ki, bu mərhələdə təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə Kəngərli rayonunun Qabıllı kənd sakini İmmi Hüseynova həvəsləndirmə tədbirlərinə cəlb edilib və bu məqsədlə ona arpa-buğdaqıran aqreqat verilib.

Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilmiş aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.