CƏMİYYƏT


Özünüməşğulluq proqramı təlimlərində 1000-dən çox şəxs iştirak edəcək

Bakı, 13 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 2019-cu il üçün özünüməşğulluq proqramı üzrə “Öz biznesinə başla” adlı təlimlərə başlayır.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, martın 18-də başlanacaq təlimlərin ilk mərhələsində özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edən 1000 nəfər iştirak edəcək. Biraylıq təlim müddətində onlara biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədiləcək.

Təlimlər il ərzində davam etdiriləcək. Hər təlimin yekununda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək. Qiymətləndirmə biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında aparılacaq. Biznes-planları uğurlu hesab edilən və özünüməşğulluq fəaliyyətinə hazır olduğu müəyyən edilən iştirakçılar kiçik ailə təsərrüfatlarının formalaşdırılması üçün aktivlərlə (mal və materiallarla) təmin ediləcək.

Cari ildə 7-8 min nəfərin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.