CƏMİYYƏT
Özünüməşğulluq proqramına cəlb olunanlardan 160 nəfərini şəhid ailələrinin üzvləri təşkil edir
Bakı, 8 fevral, AZƏRTAC
Ötən il özünüməşğulluq proqramına cəlb olunmuş ailələrdən 7267-si biznes planlarını uğurla müdafiə edib. Bu da 2017-ci illə müqayisədə 6,5 dəfə çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində əks olunub.
Məqalədə qeyd edilir ki, ötən il bütövlükdə 5000-dən çox ailə aktivlərlə təmin olunub. Onların 1300 nəfərə qədərini məcburi köçkün, 1000 nəfərdən çoxunu əlilliyi olan, 1000 nəfərə qədərini ünvanlı yardım alan şəxslər, 400 nəfərə qədərini sağlamlıq imkanları məhdud uşaqları olan valideynlər, 300 nəfərini müharibə veteranı, 160 nəfərini şəhid ailəsi üzvləri, 70 nəfərini penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilənlər və digərləri təşkil edib.
Bu işlərin 2019-cu ildə də davam etdirilməsi və daha 8000 nəfərin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulur.