REGİONLAR
Özünüməşğulluq proqramından faydalanan Zaqatala sakini arıçılıq təsərrüfatı yaradıb FOTO VİDEO
Zaqatala, 5 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Ölkəmizdə sosial cəhətdən həssas qrupların, işsiz və işaxtaran vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması dövlətin həyata keçirdiyi sosial siyasətin prioritet istiqamətlərindəndir. Aztəminatlı ailələrin kiçik təsərrüfatlara malik olmaları və bununla da gəlirlərini artırmaq imkanlarına yiyələnmələri üçün dövlət tərəfindən mühüm layihələr həyata keçirilir, dəstək göstərilir. Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq hazırda işsiz və işaxtaran vətəndaşların özünüməşğulluq proqramına cəlb edilməsi istiqamətində tədbirlər uğurla davam etdirilir.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev özünüməşğulluq proqramının çox böyük sosial və iqtisadi faydası olduğunu vurğulayaraq deyib: “Digər önəmli proqram özünüməşğulluq proqramıdır. Buna da biz bir neçə il əvvəl start verdik və böyük tələbat var. Bu, onu göstərir ki, biz düzgün addım atmışıq və bu proqramı genişləndiririk. Tələbat təqribən 40-50 min ətrafındadır. Ancaq biz keçən il 7-8 min insanı bu proqrama cəlb etdik. Bu il ən azı 10 min insan cəlb olunacaq. Onlara lazımi vasitələr, avadanlıq, mal-qara veriləcək”.
Özünüməşğulluq proqramı Zaqatala rayonunda da uğurla icra olunur. Rayonda özünüməşğulluq proqramından faydalananlardan biri də Zaqatala şəhər sakini, arıçı Abdul Qədirovdur. AZƏRTAC-ın bölgə müxbiri arıçının təsərrüfatında olub, proqramla bağlı fikirlərini öyrənib.
Üç uşaq atası olan Abdul əvvəllər maşın və texnikaların təmiri ilə məşğul olub. Sonralar səhhətilə əlaqədar bu sahədən uzaqlaşıb. Ailəsini dolandırmaq üçün iş axtaran Abdul arıçılıqla məşğul olmaq qərarına gəlib. Həmsöhbətimiz deyib: “Çoxdan idi ki, arıçılıq təsərrüfatı yaratmaq istəyirdim. Ancaq maddi vəziyyətim buna imkan vermirdi. Eşitdim ki, aztəminatlı ailələr üçün xüsusi layihə həyata keçirilir. Rayon Məşğulluq Mərkəzinə müraciət etdim, məni qeydiyyata aldılar. Təlimlərdə iştirak etdim. Təlimlər başa çatdıqdan sonra mənə öz təsərrüfatımı yaratmaq üçün 15 arı ailəsi verildi. İstəyirəm ki, təsərrüfatımı daha da genişləndirim. Ailəmin bal məhsullarına olan ehtiyacı da qismən ödənilir. Məhsulun satışı barədə hələlik düşünmürəm. Təsərrüfatım genişlənsin, ondan sonra satışa da başlayacağam”.
Arıçının sözlərinə görə, saxladığı arı ailələrinə görə ona dövlət tərəfindən subsidiya da ödənilib. Abdul Qədirov aztəminatlı ailələrin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə ailəsi adından dövlətimizin başçısına minnətdarlığını bildirib.
Zaqatala Rayon Məşğulluq Mərkəzindən verilən məlumata görə, 2019-cu ildə 129 nəfər sakin özünüməşğulluq proqramı çərçivəsində keçirilən təlimlərdə iştirak edib. Təlimləri başa vuran 54 nəfərə müxtəlif sahələr üzrə öz ailə bizneslərini yaratmaq üçün mal və materiallar verilib. Ümumiyyətlə, indiyədək Zaqatala rayonu üzrə 174 nəfər aktivlərlə təmin olunub. Bu ailələrdən 164-ü heyvandarlıq, 6-sı arıçılıq, 3-ü xidmət, bir nəfər isə cücəçıxarma sahəsi üzrə öz təsərrüfatlarını yaradıblar. Bu ilin fevralında daha 21 nəfər təlimlərə cəlb olunacaq. Təlimlər başa çatdıqdan sonra onlara da mal və materiallar veriləcək.