CƏMİYYƏT
Özünütəcrid rejiminə keçirilən şəxslərin 8103-ə göndərdikləri SMS-lər mənfi cavablandırılacaq
Bakı, 20 iyun, AZƏRTAC
Evdə müalicəsi tövsiyə olunan və özünütəcrid rejiminə keçirilən şəxslərin sərtləşdirilmiş karantin günlərində 8103-ə göndərdikləri SMS-lər mənfi cavablandırılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 20-də keçirilən brifinqində söyləyib.
Onun sözlərinə görə, həmin şəxslərin siyahısı TƏBİB tərəfindən agentliyə veriləcək. Onlar yaşadıqları yeri tərk etmək üçün 8103-ə SMS yazsalar da, həmin vətəndaşların evdən çıxmalarına icazə verilməyəcək.