SİYASƏT
PAKİSTAN MƏTBUATI XOCALI FACİƏSİNDƏN YAZMIŞDIR
Fevralın 25-də Azərbaycanın Pakistandakı səfirliyində Xocalı soyqırımının 11-ci ildönümü ilə əlaqədar mətbuat konfransı keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, mətbuat konfransında Pakistanın nüfuzlu qəzetlərinin, jurnallarının və televiziya kanallarının əməkdaşları iştirak etmişlər. Tədbiri açan səfir Eynulla Mədətli 1988-ci ildən bu günə qədər ermənilərin azərbaycanlıların başına gətirdiyi faciələrdən, öz doğma torpaqlarından zor gücünə deportasiya edilən soydaşlarımızın ağrı-acılarından danışmış, Azərbaycanın işğal altında olan 20 faiz ərazisinin azad edilməsi barədə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistanın məhəl qoymasını diqqətə çatdırmışdır. Səfir bildirmişdir ki, Xocalını dörd bir tərəfdən mühasirəyə alan erməni silahlı birləşmələri bu Azərbaycan şəhərinin 613 nəfər dinc sakinini qətlə yetirmiş, hətta uşaqlara, qadınlara, qocalara rəhm etməmiş, yüzlərlə adamı əsr götürərək onlara olmazın işgəncələr verərək ömürlük şikəst etmişlər.
Səfirin çıxışını ürək ağrısı ilə dinləyən jurnalistlər ermənilərin Xocalıda törətdikləri vəhşiliklərin insanlıqla bir araya sığmadığını qeyd edərək, bu barədə təmsilçisi olduqları mətbuat vasitələrində yazılar dərc edəcəklərini bildirmişlər.
Sonra səfir jurnalistlərin suallarını cavablandırmışdır. “Əgər sülh yolu ilə mümkün olmasa, Azərbaycan işğal altında olan ərazilərini azad etmək üçün güc tətbiq edəcəkmi” sualının cavabında səfir demişdir ki, sülh yolu ilə mümkün olmasa, ölkəmiz ərazi bütövlüyünü bərpa etmək üçün bütün vasitələrdən istifadə edəcəkdir.
Fevralın 26-da Pakistanın nüfuzlu qəzetlərinin və televiziya kanallarının hamısı mətbuat konfransı və burada deyilənlər barədə geniş materiallar dərc etmiş, efirə verilişlər çıxarmışdır.