SİYASƏT
PARLAMENTDƏ GÖRÜŞ
Ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin ədliyyə naziri Hikmət Sami Türk və onu müşayiət edən şəxslər mayın 3-də Milli Məclisdə insan hüquqları daimi komissiyasının üzvləri ilə görüşmüşlər.
Səmimi şəraitdə keçən görüşdə Türkiyə və Azərbaycan parlamentləri deputatlarının qarşılıqlı fəaliyyəti, habelə insan hüquqlarının qorunması sahəsində əməkdaşlığı məsələləri müzakirə edilmişdir. Komissiyanın sədri Sirus Təbrizli ölkəmizin məhkəmə-hüquq sistemində aparılan islahatlar, insan hüquq və azadlıqlarının qorunması sahəsində respublika rəhbərliyinin gördüyü tədbirlər barədə ətraflı məlumat verdi. O, Azərbaycanın beynəlxalq təşkilatlara inteqrasiyasından danışaraq bildirdi ki, Milli Məclisdə bütün əsas, o cümlədən insan hüquqları ilə bağlı beynəlxalq konvensiyalar ratifikasiya olunmuşdur.
Türkiyənin ədliyyə naziri Hikmət Sami Türk iki qardaş ölkələrin parlamentləri üzvlərinin beynəlxalq təşkilatlarda ümumi mənafelərin qorunması ilə bağlı fəal əməkdaşlığının zəruriliyini vurğuladı. O bildirdi ki, Türkiyə - Azərbaycan strateji tərəfdaşlığı Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan vətəndaşlarının pözulmuş hüquqlarını ümumi səylərlə qorumağa imkan verəcəkdir.
Görüş zamanı hüquq sahəsində əməkdaşlığın inkişafı ilə bağlı digər məsələlərə dair də fikir mübadiləsi aparıldı.
Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviköz görüşdə iştirak edirdi.