SİYASƏT
PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİMİZİN TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRİ DAVAM EDİR
Ankarada işgüzar səfərdə olan Milli Məclisin deputatları Nizami Cəfərov, Zeynəb Xanlarova, Zəlimxan Yaqub və Mais Səfərli Azərbaycanın böyük dostu Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəl ilə görüşmüşlər.
Cənab Süleyman Dəmirəl Azərbaycandan gələn qonaqları qapıda səmimiyyətlə, mehribanlıqla qarşıladı, bu səfərin uğurlu, səmərəli keçməsini arzuladı. Milli Məclisin üzvləri səfərin məqsədi, Ankaradakı görüşlər haqqında ətraflı söhbət açdılar, ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti Heydər Əliyev və Süleyman Dəmirəlin xüsusi rolunu vurğuladılar. Süleyman Dəmirəl əziz dostu və qardaşı Heydər Əliyevə, Azərbaycan xalqına hörmət və ehtiramını çatdırmağı xahiş etdi.
Sonra nümayəndə heyətimizin üzvləri Türkiyənin mədəniyyət naziri İstemihan Talay ilə görüşdülər. Söhbət zamanı mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıldı.
Türkiyə-Azərbaycan Dostluq və Əməkdaşlıq Fondunun sədri, dünya şöhrətli alim İhsan Doğramacı ilə görüş də səmimilik şəraitində keçdi. İhsan Doğramacı fondun gördüyü işlər barədə məlumat verdi, Ankaranın Oran rayonunda inşa edilən Azərbaycan Mədəniyyət Mərkəzinin əhəmiyyətini vurğuladı. Deputatlarımız Milli Məclisin qanun yaradıcılığı fəaliyyətindən danışdılar, İhsan Doğramacıya xatirə olaraq kitablar, kompakt disk və kassetlər hədiyyə etdilər.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara