SİYASƏT
PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ BÖYÜK BRİTANİYAYA SƏFƏR EDƏCƏKDİR
Milli Məclisin sədri Murtuz Ələsgərovun rəhbərliyi ilə parlament nümayəndə heyəti martın 9-dan 14-dək Böyük Britaniyada rəsmi səfərdə olacaqdır.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Cəlal Əliyev, Asəf Hacıyev, Şahlar Əsgərov, Mikayıl Mirzəyev, Vaqif Abdullayev, Şirzad Əyyubov və Milli Məclis Aparatının məsul işçiləri daxildirlər.
Səfər müddətində parlamentin spikeri Böyük Britaniyanın İcmalar Palatasının sədri Maykl Martinlə, Xarici Əlaqələr Komitəsinin sədri Donald Andersonla, Müdafiə Komitəsinin və Britaniya-Azərbaycan parlament qrupunun rəhbəri Bryus Corcla, LİNKS təşkilatının icraçı direktoru Dennis Sammutla, xarici işlər nazirinin müavini Mayk O`Brayanla, Parlamentlərarası İttifaqın Britaniya Qrupunun üzvləri ilə, Elm və Texnologiya Komitəsinin rəhbəri Yan Qipsonla, Standartlar üzrə Parlament Komissarı Ser Filip Maurla, Lordlar Palatasının xarici əlaqələr üzrə nümayəndəsi Baronessa Kroli və digər rəsmi şəxslərlə görüşəcəkdir.
Görüşlərdə Azərbaycan-Böyük Britaniya əlaqələrinin bugünkü vəziyyəti, inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, qanun yaradıcılığı sahəsində informasiya və təcrübə mübadiləsi, islahatların hüquqi bazasının yaradılması, Qafqaz regionundakı ictimai-siyasi vəziyyət, regional münaqişələrin həlli yolları barədə danışıqlar aparılacaqdır.
Səfər müddətində Milli Məclisin nümayəndə heyəti Edenburq şəhərində Şotlandiya parlamentinin deputatları ilə də görüşəcəkdir.
Milli Məclisin
məbuat xidməti