SİYASƏT


PARLAMENT SEÇKİ MƏCƏLLƏSİNİN MÜZAKİRƏSİNƏ BAŞLADI

Milli Məclis “Seçki Məcəlləsi haqqında” Qanun layihəsinin müzakirəsinə başladı. Müzakirələrdə Prezidentin İcra Aparatının, Mərkəzi Seçki Komissiyasının, ATƏT-in və Avropa Şurasının nümayəndələri iştirak edirdilər. 

Parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini Əli Hüseynov layihə ilə bağlı çıxış edərək dedi ki, ölkədə demokratiyanın inkişafı, normal vətəndaş cəmiyyətinin formalaşması bilavasitə seçkilərdən asılıdır. Hazırda Azərbaycanda prezident, parlament, bələdiyyə seçkiləri və referendum keçirmək üçün qanunlar mövcuddur. Bu qanunlar demokratik prinsiplərə söykənir və beynəlxalq təşkilatlar tərəfindən bəyənilmişdir. Amma Prezident Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentin müzakirəsinə çıxarılmış yeni məcəllə vahid seçki qanunudur. Bu sənəd dövlətimizin başçısının Azərbaycanın siyasi-hüquq sisteminə verdiyi ən mühüm töhfələrdən biridir.

Natiq xatırlatdı ki, layihə ilə bağlı ATƏT-dən və Avropa Şurasından müsbət rəylər alınmış, bu qurumların təşəbbüsü ilə “Dəyirmi masa” və konfrans keçirilmişdir. Amma əfsuslar olsun ki, özlərini demokratik qüvvə adlandıran müxalifət partiyaları müzakirələrdə iştirak etməmişlər. Əvvəlcə müxalifətin özünün hazırladığı məcəllənin parlamentə təqdim ediləcəyi gözlənilsə də, sonradan onlarda belə bir sənədin olmadığı aydınlaşdı. Müxalifətin müzakirələrdən imtina etməsi də elə bununla bağlıdır.

Seçki Məcəlləsinin layihəsi 45 fəsil, 246 maddədən ibarətdir. O, qəzetdə dərc edildikdən sonra seçki komissiyalarının təşkili, seçici imzalarının toplanması, seçkilər zamanı aşkarlığın təmin edilməsi, vahid seçki fondunun yaradılması və ləğvi, KİV nümayəndələrinin iştirakı, vətəndaşların seçici siyahısının tərtib edilməsi və s. məsələlər daha çox mübahisə doğurmuşdur. İrad və təkliflər diqqətlə öyrənilir və müsbət təkliflər müzakirələr zamanı nəzərə alınacaqdır.

Müzakirələr zamanı deputatlar T.Kamalov, F.Ağamalı, S.Novruzov, Ə.Əhmədov və başqaları layihə ilə bağlı təkliflər veriblər.

Bitərəf deputatlar adından çıxış edən Milli Məclis sədrinin müavini Gövhər Baxşəliyeva dedi ki, bu deputatlar ümumən layihənin lehinə səs versələr də, sənəddə, Mərkəzi Seçki Komissiyasının təşkili ilə bağlı maddədə bitərəflərin 6 nəfər nümayəndəsindən 2-nin müxalifət və iqtidarla razılaşdırılmış qaydada təyin olunmasına etiraz edirlər.

Prezidentin İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deputatların təklif və suallarına aydınlıq gətirdi. O dedi ki, bitərəflərin qaldırdıqarı məsələ həqiqətən də maraqlıdır. Bunu parlamentdə müzakirələr zamanı həll etmək olar. Seçici siyahılarının icra orqanları tərəfindən tərtibinə gəldikdə isə, bu məsələni əslində məntəqə seçki komissiyaları həll edəcəklər. Namizədlərin efir vaxtı onların sayına görə müəyyən olunmalıdır. Efir vaxtının indidən müəyən edilməsi namizədlərin hüquqlarının pozulması olar. Ona görə ki, hər bir televiziya efir vaxtını özü müəyyənləşdirir. Seçkilərdə KİV-nümayəndələrinin iştirakı isə daha şəffafdır və hətta jurnalistlər seçki bülletenlərini imzaları ilə təsdiq edə bilərlər.

Müzakirələr gələn iclaslarda davam etdiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.