SİYASƏT
PARLAMENT XƏBƏRLƏRİ
Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Asya Manafova BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Borsottinin təşəbbüsü ilə su problemlərinə həsr olunmuş III Dünya Forumunda iştirak etmək üçün martın 17-dən 25-dək Yaponiyanın Kyoto şəhərində səfərdə olacaqdır.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Su Problemləri Elmi Tədqiqat İnstitutunun direktoru Elçin Qəmbərov, Xarici İşlər Nazirliyinin əməkdaşı Altay Əfəndiyev də iştirak edəcəklər.
Forumda su problemlərinin həll edilməsinə siyasi dəstək verilməsi, su ehtiyatlarının idarə edilməsi, içməli suyun çirklənməsinin qarşısının alınması, ekosistemin mühafizəsi və bu sahənin qanunvericilik bazasının yaradılması barədə fikir mübadiləsi aparılacaqdır.
X X X
Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədr müavini Tapdıq Kamalov NATO Parlament Assambleyasının təşəbbüsü ilə keçiriləcək Rouz-Rout seminarında iştirak etmək üçün martın 19-dan 23-dək Belqradda səfərdə olacaqdır.
Seminarda təhlükəsizlik siyasəti, hərbi islahatlar, beynəlxalq təşkilatlarla əməkdaşlıq, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılacaqdır.